
Səyyar satıcılar və ya küçə satıcıları - el arasında “alverçi” adlandırılan, iş məkanları və saatları olmayan bu satıcılar bəzən ən çətin anda köməyimizə çatan insanlardır. Məsələn, qəfildən, hesabda olmayan hadisələrlə qarşılaşıb nəyəsə ehtiyacımız olduğu vaxtda lazım olanı yolüstü tapmaq kimi...
Belə satıcılara şəhərin müxtəlif yerlərində rast gələ bilərsiniz. Daha çox meyvə-tərəvəz, salfet və çərəz satan səyyar satıcılar bir-birindən kəskin şəkildə fərqlənirlər. Belə ki, aralarında 7-8 yaşlı məktəb şagirdlərindən tutmuş 70-80 yaşlı ağsaqqal, ağbirçəklərə qədər hər yaşda insan tapa bilərsiniz. Ünsiyyət qurmaqdan, danışmaqdan isə çəkinirlər. Hər birinin dediyi ilk cümlə “Çəkməyin, yerimizi bilib bizə problem yaradacaqlar” oldu. Elə bu anda yanımızdan keçən “xala”nın “Çəkin, çəkin, gəlib yığıb aparsınlar bunları” deməsi ilə kameradan qorxmalarının səbəbini anlamış olduq.
Bu yerdə səyyar satıcılarla bağlı bir xatirəni də danışmaq yerinə düşər yəqin. Atalar yaxşı deyib, söz vaxtına çəkər. Yayın belə isti günlərindən biri idi. Saat 2-dən 5-ə kimi “ev saatı”mız olurdu. Bütün uşaqlar kimi yatmağı sevmirdim. Anam isə bütün analar kimi yatmaq üçün otağımıza göndərmişdi. Bacımla yerimizdə sakit uzanıb tavana baxırdıq. Hər gün saat təqribi 4 radələrində “Xlooor, mebel yağı, aseton, kislota” deyən “dayı”, ondan bir az sonra “süpürgə var, süpürgə, pol taxası" və nəsə...” satan xala gəlirdi. O “Nəsə”ni heç vaxt eşidə bilmirdik. Diqqətlə bir-birimizə baxıb dəfələrlə “nəsə”ni çözməyə çalışsaq da, alınmırdı. Sonda isə onların ardınca “köhnə televizor götürürəm, dəmir alıram, metal, aliminium, bankə, bankə alıram” deyə qışqıran, qalın səsli "day"ı ilə günortamızı başa vurub, dilimizdə “Süpürgə, pol taxtası..." deyə-deyə yuxudan qalxıbmış kimi oyuna davam edirdik.
İllərlə öyrəşdiyimiz bu mənzərə bu günlərdə də davam edir. Bütün şəhərlərdə olduğu kimi Bakının öz "səyyar satıcıları" var. "Qaynarinfo" əməkdaşlarının səyyar satıcılarla bağlı hazırladığı fotoreportajı təqdim edirik.
Nərmin Həsənli
Foto: Sultana Əhmədbəyli
Qaynarinfo.Az



















