
Bayramları yola verə-verə gedirik. Bəziləri müqəddəs olur, bəziləri ümumbəşəri, yerdə qalanlar da milli...
Bu reportaj bayramın əsas qurbanı olan qoyunlarla bağlıdır. Öncə qiymətləri öyrənib xəbər hazırlamaq üçün fotoqrafımızla yollandıq "Keşlə bazarı"na. Məsələn, siz bu vəziyyətə çox realist yanaşırsınız. Bir maşın qoyunu yığıblar bir yerə və satmaq üçün kəsir, dərisini soyurlar, laborotoriyada yoxlanışdan keçib biz alıcılara təqdim edirlər. Təbii prosesdir. Amma foto çəkməyə başlayan Sultananı bu proses elə sarsıtdı ki... Bunu onun obyektivinə düşən fotolardan da özünüz hiss edəcəksiniz.
Bazara daxil olduğumuz zaman, foto çəkməyə başlayan qəşəng qızı görən satıcılardan birinin reaksiyası belə oldu: "Xanım, bizi də çəkin də". Yoldaşı isə onu çiynindən vurub "İndi qoyunlar moddadır" deməklə kifayətləndi. Düz deyir, bu günlərdə qoyunlardan daha populiar olan nə var ki?
Meyvə satan xalaları isə fotoqrafımızın geyimi daha çox maraqlandırırdı. Müzakirələrdən sonra razılığa gəldilər ki, Sultananın geyimi bazara uyğun deyil.
Onları orda qoyub keçdik ət bazarına. Bizim və sizin üçün əsas olan məsələni öyrənməyə, yəni qiymətləri. Satıcılar, bayrama görə qiymətdə dəyişiklik olmadığını vurğuladı.
"Qiymət necə var elə də qalır. Qoyun ətinin kilosu 10-11 manat arası dəyişir. Bayram üçün müştərilər alıb aparır. Çoxsu elə burda kəsdirib, doğratdırıb aparır. Şəkil çəkmək istəyirsinizsə, keçin arxa tərəfə, heyvanlar kəsilən yerə" dedi satıcılardan biri.
Burda işləyənlər üçün adi hal olsa da, bizim üçün mənzərə heç də adi deyildi. Qanı su yerinə axan qoyunlar, soyuqqanlı qəssablar...
Sosial şəbəkələrdə qoyunların qətliamına etiraz edənlər də unutmasınlar ki, hər gün yedikləri ət dünyaya elə ət olaraq gəlməyib. Bunun üçün hər gün heyvanlar kəsilməlidir və kəsilir.
Çox danışıb sizləri yormayaq. Fotolar özü hər şeyi deyir.
Lalə Niftalıyeva
Foto: Sultana Əhmədbəyli
Qaynarinfo.Az

































