Bakıda üfunət saçan bir gölməçə var. Həmin gölməçə sahəsi kiçik olsa da, doğurduğu iyrənclik böyükdür. Ən dəhşətlisi odur ki, həmin üfunətli məkan Bakının ən strateji hissəsində, aeroport yolunun üstündədir.
Cəmi bir neçə gündən sonra mötəbər tədbir üçün Bakıya gələcək qonaqlar məhz bu gölməçəni görərək paytaxta daxil olacaqlar. Gölməçəni Sabunçu Rayon İcra Hakimiyyəti görməsə də, Bakıxanov qəsəbəsində yaşayan, üfunəti hiss edən sakinlər milli.az-a problemləri barədə məlumat veriblər.
Onlar şikayətlənirlər ki, həmin bataqlıq iki dəmir yolu xəttinin arasında yerləşir. Qış boyu toplanan su qalaraq iylənir, ətrafı qoxu basır. Aeroport yolunun üstündə yerləşən bu sahə ağaclıq və qazon sahəsi ilə gizlədilib.
Sabunçu Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, həmin gölməçə qrunt sularıdır. Lakin problem diqqətdə saxlanılacaq.