Balakəndə məhkəmə prosesi zamanı qətl hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Balakən Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev hakimin gözü qarşısında bıçaqlanıb.
Dərhal hadisə yerinə təcilli tibbi yardım çağrılıb və yaralı xəstəxanaya çatdırılıb. Lakin döş nahiyəsindən iki bıçaq yarası alan Məhəmməd Xanpəriyevi xilas etmək mümkün olmayıb.
Mərhumun atasının sözlərinə görə hakimin otağındakı məhkəmə prosesinin gedişatında hakim tərəflərə barışıq təklifi verib. Bundan sonra isə şikayətçinin yaxın qohumu qəfildən oğlunun üstünə cumaraq ona bıçaq zərbələri endirib. Mərhumun yaxınları isə məhkəmə prosesinə qarşı tərəfin yaxınlarının üstlərinin yoxlanmadan buraxılmasından şikayətlənir.
Qeyd edək ki, ötən ilin dekabr ayında Balakənin Qullar kəndində Məhəmməd Xanpəriyev və 20 yaşlı Aqil İsmayılov həmkəndliləri 18 yaşlı Elşən Xipiyev və onun əmisi 23 yaşlı İlham Xipiyevlə aralarında yaranmış münaqişə zamanı mərhum onların hər ikisinə bıçaqla xəsarət yetirmişdi.
Həmkəndlilərini bıçaqlayan mərhum Məhəmməd Xanpəriyevin həmin vaxt istintaqa verdiyi izahatında hadisədən bir gün əvvəl Elşən Xipiyev və onun əmisi İlham Xipiyevlə aralarında mübahisə olduğunu və hadisə baş verən gün növbəti dəfə məsələyə aydınlıq gətirmək üçün əmi və qardaşoğlunun onu evdən çağırdığını və bundan sonra aralarında baş verən mübahisə zamanı bıçağa əl atmağa məcbur olduğunu bildirmişdi.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.