Xəbər lenti

Balığı bol, davası qanlı olan "Şaqay"dan reportaj - FOTO/VİDEO
Ölkə16:20 22.04.2016

Balığı bol, davası qanlı olan "Şaqay"dan reportaj - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Balıq tutmaq çoxlarının sevdiyi bir işdir. Bəziləri işdən vaxt tapan kimi balıq tutmağa qaçır, bəzilərinin isə işi elə balıq tutmaqdır. Birincilər bunu stressdən, yorğunluqdan, səs-küydən qısa müddətlik də olsa, qurtulmaq üçün edirlərsə, ikincilər bu yolla pul qazanıb, ailələrini saxlayırlar. 
Mən də balıq tutmaq həvəskarı olduğum üçün, imkan tapdıqca ova çıxıram. Lakin bu dəfəki səyahətimi daha da maraqlı etmək və oxucularımızın diqqətinə çatdırmaq üçün özümlə kameramı da götürüb, yola düşdüm. 
Mövsümü nəzərə alaraq, dostların məsləhəti ilə özümüzlə yüngül yemək, fənər, lazımı avadanlıq, yetərincə yem, gecə və gündüz saatları üçün geyim götürdüb, Neftçala rayonu ərazisində yerləşən, balıqçılar arasında "Şaqay" (Bəzi yerlərdə şır-şır da deyilir) adı ilə tanınan Mil-Muğan su kanalına yola düşdük. 
Mil-Muğan kollektoru Muğan torpağında kənd təsərrüfatının inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu kollektor təkcə qrunt sularının dənizə axıdılmasına deyil, həmdə Kür çayının ekoloji tarazlığının qorunmasına da xidmət edir. Uzunluğu 141 kilometr olan Baş Mil-Muğan kollektorunun tikintisinə 1985-ci ildən başlanılıb və 1992-ci ilin əvvəlində istifadəyə verilib. 
Səfərimiz gecə saatlarında başladı. Bakıdan adından bəhs etdiyim yerə qədər olan məsafəni 3 saata başa vurduq. 
Səhər saatlarında bəziləri çadırlarda, avtomobillərdə yatmış olsalar da, kanalın kənarında yetərincə balıqçı görmək mümkündür. Öncədən anlaşdığımız balıqçı bizi qarşılayır, bizə ayırdığı yeri göstərir. Balığın bol olduğu yerlərdə balıq tutmaq heç də asan deyil. Bunun səbəbi isə hər kəsin "şəxsi" yerinin olmasıdır. Hətta bu yerlərə görə qan da tökülür. Bu haqda bir az sonra...
"Nisyə kartof, soğan alıb, burada qalıram. Ailəm məndən çörək gözləyir"
Qarmaqları hazırlayıb, suya atdıq. Fənərləri yandırıb, səhərə kimi yatmadıq. Vaxt keçdikcə balıqçıların sayı artmağa başlayırdı. Arada qarmağımıza balıq ilişirdi. Saat 07:00 - Qayanın qırağında balıqçılar, ətrafda da maşınların sayı 2 dəfə çoxdur. Bəziləri artıq dava etməyə, söz savaşına çıxmağa da imkan tapıb. 
Su kanalının digər tərəfindən səslər gəlir: 
- Bura mənim yerimdir, get başqa yerdə qarmaq at.
- Dədənin evindən gətirmisən buranı? Yoxsa vərəsə qalıb?
- Mən fevral ayından burdayam. Yer tutmaq üçün zülm çəkmişəm.
- Bundan mənə nə? Mən gəlmişəm ki, bir-iki balıq tutum, gedim. 
- Nisyə kartof, soğan alıb, burada qalıram. Ailəm məndən çörək gözləyir. Get burdan.
Yer üstündə davalar...
Beləcə mübahisə yarım saat davam etdi. Ətrafdakı balıqçıların dediklərinə görə, belə hallar tez-tez yaşanır. Hətta bu yaxınlarda dava qan çıxana qədər davam edib. Bıçaqlar çəkilib, yaralanma olub. 
Məsələ burasındadır ki, bir neçə balıqçı mövsüm başlamadan qabaq əraziyə gəlib, orada çadırlar qururlar. Özləri ilə ərzaq, 20-dən çox qarmaq, kilolarla yem gətirirlər ki, burada qalacaqları aylarda problem yaşamasınlar. Bundan əlavə, çadır qurduları yerdəki ərazi də onların himayəsində olur. Bütün çadır sahibləri bir-birlərini tanıyırlar. "İlqarın çadırı, Vaqifin çadırı, Turalın çadırı" və digərləri... Çadırın yaxınlığında olan ərazidə qarmaq atmaq istəyirsənsə, gərək onlardan icazə alasan. Çadır sahibi əgər mümkündürsə, sənə yer verir və orada balıq tuta bilirsən. Bütün bunlar ərazinin yazılmamış qaydasıdır. 
Çadırlarda qalan balıqçılar həftədə bir dəfə bitən azuqələrini almaq üçün Neftçalaya gedirlər. Başqa vaxtlarda isə orada olurlar. Gecələr balıq yaxşı olanda tonqal qalayıb, səhərə qədər yatmırlar. Bir sözlə, çöl şəraitinə alışıb, 3-4 ay boyunca evə getmirlər. 
"Mən balıq tutmaqla ailə saxlayıram"
Onlardan biri olan Səməd adlı balıqçı deyir ki, onun üçün balıq ovu qazanc yeridir. Yetərincə balıq tutmadan geri qayıtmayacaq: "Özüm Masallıda yaşayıram. 2 ildir ki, buraya gəlib-gedirəm. Balığı tutub, diri saxlayıram ki, müştəri razı qalsın. Həftədə bir dəfə bazarlığa gedirik, ya mən, ya da şərikim... Gedəndə balıqları aparıb, satırıq. Bəzən də balıq tutmağa gələnlər olur. Hansı ki, tutmağı bacarmırlar. Onlar əliboş qayıtmamaq üçün bizdən pulla alırlar. Çöldə yaşamaq asan deyil. Gün adamı qap-qara edir. Nə qədər də özünə yaxşı şərait yaratsan, ev kimi olmur. Amma mən buna məcburam. İşsizəm. Nə qədər iş axtardım, tapmadım. Bu da mövsümlükdür. Balıq mövsümü bitəndən sonra qayıdacağam, rayona... Yenə iş axtaracağam, kiminsə qapısında fəhləlik edəcəyəm. İki oğlum var. Onların xərclərini, yeməyini nə bahasına olursa-olsun, qarşılamaq ata kimi mənim borcumdur. Bir sözlə, mən balıq tutmaqla ailə saxlayıram". 
Artıq saat 09:00-dır. Ərazidə yüzlərlə balıqçı var. Hamısı qarmaqları atıb, öz ovunu gözləyir. Balıq ovu zəif gedir. Bəziləri arabir tutur, bəziləri isə gözləməkdə davam edir. Nəzərə alsaq ki, kollektorda onlarla balıq toru və müxtəlif qurğular var, ovun zəif keçməsi normaldır. Gözü doymayan bəzi balıqçılar, balıqların kürü tökmək üçün kollektora girdiyi vaxtda, onları torlarla ovlayırlar. Bu da balıqların sayının sürətli şəkildə azalmasına səbəb olur. 
Saat 13:00 - Hava çox istidir. Balıqçılar günün ən isti saatı olmasına baxmayaraq, qarmaq başında dayanıblar. İsti olan zaman ov zəiflədiyi üçün bəzi balıqçılar qaya qırağında yuxuya gediblər. 
O, gəlir deyir, "Bura mənimdir", bu gəlir deyir, "Bu yer mənimdir"
Bəziləri isə rezin qayıqlarla kollektorun ortasında balıq tuturlar. Bir sözlə, burada ov etməyin öz qaydaları və yolları var. Buna görə də, bəzi balıqçılar buraya gəlmir. 
Səbəb kimi də bunu deyirlər: "Orada hərənin öz yeri var. Hansı ki, o kollektor hər birimizindir. O gəlir deyir, "Bura mənimdir", bu gəlir deyir, "Bu yer mənimdir". Gedirsən balıq tutmağa ki, bir az stress atasan, işin yorğunluğu çıxsın, amma imkan vermirlər. Adamın qanı "qaralır", kefi pozulur. Tutduğun balığın ləzzətini yaşaya bilmirsən. Ona görə də, getmirik". 
Saat 15:00 - Balıqçılar nahar fasiləsinə ayrılıblar. Maşınlarda, qayanın kənarında və ya gündən gizlənmək mümkün olan yerlərdə özləri ilə gətirdikləri azuqələri yeyirlər. Bir-biriləri ilə balığın zəif olmasının səbəblərini müzakirə edirlər. 
Nə qədər şikayət etsələr də, əliboş evə gedən olmur. Hamı qismətində olan balığını aparır. Şikayətçi olanlarsa balıqları satıb, pul qazananlardır ki, onlar da həmin gün az qazandıqları üçün məyus olurlar. 
Səfərimiz axşam saatlarına doğru başa çatdı. Çantamızda bir az balıq və maraqlı keçirdiyimiz günün ab-havası ilə yola düşüb, geri qayıdırıq. 
Qaynarinfo.az