Mərkəzi Bankın (AMB) komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib.
Anspress-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə bu gün yaydığı açıqlamasında bildirib. Ekspertin fikrincə, Mərkəzi Bank qeyr-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutub: “Banklar haqqında qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişini verməsi qanuna ziddir”.
Samir Əliyev - iqtisadi ekspert
Samir Əlıiyevin fikrincə, Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq: “BOKT-ların maliyyə mənbələri məhduddur və göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42%-ə çatır. Bu qurumların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır və ölkə üzrə kredit qoyuluşunun 2,9% onların payına düşür”.
Ekspert bildirir ki, ölkədə 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filil şəbəkəsi mövcuddur, onların əksəriyyəti regionlarda yerləşir: “BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir. Bu qurumların işçiləri ən ucqar kəndlərə getməkdən belə çəkinmirlər. Halbuki, banklar ən yaxşı halda rayon mərkəzlərində işləməklə kifayətlənirlər. ərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq".
Qaynar.info