
Azərbaycanda daha bir sığorta şirkəti bağlandı. “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib. “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi şosesi 3066-cı məhəllə, 168B ünvanında yerləşən cəmiyyətin Ləğvetmə Komissiyasına bildirə bilərlər.
Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı cebhe.info-ya açıqlamasında bildirib ki, “Buta Sığorta”nın ləğvi gözlənilən idi: “Çünki səhmdarları bu barədə qərar vermişdilər və neçə vaxt idi ki, fəaliyyətini dayandırmışdı. Artıq yeni müqavilələr bağlanmırdı. Sadəcə, köhnə müqavilələr, öhdəliklər davam edirdi. Yanılmıramsa, “Buta Sığorta”nın bütün portfeli “Günay Sığorta”ya ötürülmüşdü, yəni iki komanda birləşmişdi”.
Ekspert deyir ki, ümumiyyətlə, Azərbaycanda sığorta şirkətlərinin ləğv olunması, lisenziyasının dayandırılması, birləşməsi prosesi artıq bir neçə ildir davam edir: “Statistika üçün bildirim ki, 2000-ci ildə bazarda 65-dən yuxarı sığorta şirkəti vardı. Bu gün isə onların sayı 25-ə düşüb. Ümumi bazarın vəziyyətinə, sığorta şirkətlərinin yığımlarına baxanda məlum olur ki, bazarın 90 faizi ilk 10 şirkətin payına düşür. Yerdə qalan 10 faizi isə 15 şirkətin payına düşür. Bu, onu göstərir ki, bazarda çox ciddi likvidlik problemi var. İri şirkətlətlə rəqabətə davam gətirə bilmirlər. Bütün bu faktorları nəzərə alaraq, proqnozlaşdırmaq olar ki, şirkətlərin ləğvi və ya fəaliyyətinin dayandırılması önümüzdəki illərdə də gözləniləcək. Xüsusilə də banklardan asılı olan sığorta şirkətlərinin son zamanlardan sıradan çıxmağı onu göstərir ki, onların əksəriyyəti öz bizneslərini əsasən, bank müştəriləri üzərində qurmuşdular. Banklardakı acınacaqlı vəziyyətdən sonra da belə bir durum yarandı. Bazarda da digər sığorta növlərində aktiv olmadıqlarına görə onlar bağlanmaq məcburiyyətində qalırlar. Dediyim kimi, daha bir neçə şirkətin fəaliyyətinə son qoyula bilər”.
X.Məmmədxanlı söyləyir ki, müştərilərin taleyi ilə bağlı heç bir problem və narahatlığa əsas yoxdur: “Ümumiyyətlə, sığorta şirkətlətinin ləğvi, müflis olması, fəaliyyətini dayandırması və sair “Sığorta fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Yəni, şirkət sadəcə, elə-belə bağlanmır. Öz fəaliyyətini dayandırmaq barədə qərar verəndən sonra yeni sığorta müqavilələri bağlanır. Köhnə müqavilələr üzrə öhdəliklər davam edir. Bağlanan sığorta şirkətləri adətən, öz portfellərini digər fəaliyyətdə olan şirkətlərə ötürürlər. Burada bir problem var ki, sığorta şirkətlərinin tez-tez bazardan çıxması, insanların ümumilikdə sığorta bazarına və şərtinə olan inamını sarsıdır”.
Qaynarinfo.Az