Banqladeşin paytaxtı Dəkkədə bu ilin iyul ayında restorana basqın edib qılınc, avtomat və qumbaralarla azı 22 nəfəri öldürən İŞİD terrorçularından birinin anası deyir ki, onun oğlu həmin hadisədən bir gün əvvəl Azərbaycana getmişdi. Banqladeş polisi isə həmin terrorçunun oktyabrın 5-də onlara təslim olduğunu bildirir.
Virtualaz.org xəbər verir ki, bu ziddiyətli vəziyyət barədə Banqladeşin “Dhaka Tribune” qəzeti yazır. Bu il iyulun 1-də İŞİD-ə bağlı yerli radikal islamçı qrupun (JMB) 6 yaraqlısı odlu silahlarla, bombalarla və qılınclarla silahlanaraq Dəkkənin Holi Artisan rayonundakı “Gülşən” restoranına basqın ediblər. Terrorçular restorandakılardan müsəlman olmayanları qətlə yetirib, qalanları girov götürüblər. Polislə 12 saatlıq atışmadan sonra 13 girov azad edilib, terrorçulardan 5-i öldürülüb. 22 nəfər həlak olub.
Xayrul İslam Payel
Həmin hücumda iştirak edən terrorçulardan biri Xayrul İslam Payelin (radikal islamçı qruplaşma tərəfindən verilmiş adı Əbu Umayr əl-Benqali) ailə üzvləri deyir ki, onu terrorçu qruplaşmaya sinif yoldaşı Abdul Hakim cəlb edib. Polislə atışmada öldürülən terrorçunun anası Piyara Xatun deyir: “Hakim bizim oğlumuzu 2015-ci ildə yerli mədrəsəni bitirəndən sonra Dəkkəyə, Jagannath Universitetinə oxumağa apardı. Sonradan o bildirdi ki, oğlumuz JMB-yə qoşulub”.
Abdul Hakim polisə təslim olarkən (öndə, solda)
Terrorçunun ailəsi bildirir ki, əslində onların oğlunu terrorçu qruplaşmaya Hakim cəlb edib və hazırda o, hökumətin himayəsi altındadır, üstəlik onların ölən oğlu barədə yalan məlumat verir. 22 yaşlı Abdul Hakim Banqladeşin Bogra rayonundandır və o, daxili işlər nazirinin iştirakı ilə bu il oktyabrın 5-də həmin rayonda çevik polis batalyonunun döyüşçülərinə təslim olub.
Hakimin ailəsi isə bildirir ki, çevik polis batalyonu onların oğlunu ailəsinə təhvil verməyib və hazırda onun harada olduğu haqda heç bir məlumatları yoxdur. Abdul Hakimin anası Sufia Bequm iddia edir ki, onun oğlu restorana silahlı basqında iştirak edən Payeli tanımayıb: “Hakim bu il iyunun 30-da Dəkkəni tərk edərək Azərbaycana gedib, hazırda onun harada olduğu haqda məlumatımız yoxdur”.
Abdul Hakim isə polisə təslim olarkən bildirib ki, Payellə sinif yoldaşı olub və onu terrorçu qruplaşmaya da Payel cəlb etmişdi. Polis Abdul Hakimin və təslim olan digər İŞİD-çinin fotosunu yaysa da ailəsi fotodakı gəncin onların oğlu olmadığında israr edir.
Qaynarinfo.Az