Xəbər lenti

Baş nazirdən minatəmizləyənlərlə bağlı qərar
Ölkə 13:36 28.11.2025

Baş nazirdən minatəmizləyənlərlə bağlı qərar

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi Qaydası təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qaydaya görə, təlimlər Azərbaycanın ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra – Sifarişçilər) müraciətləri əsasında Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən keçirilir. Təlimlərin məqsədi minatəmizləyənlərə vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək üçün bilik, bacarıq və vərdişləri yüksək səviyyədə aşılamaqdır.

Təlimi bitirmiş şəxslərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi agentliyin yaratdığı İmtahan Komissiyası tərəfindən iki mərhələdə aparılır. Qiymətləndirilmə zamanı verilən sualların və tapşırıqların sayı və məzmunu İmtahan Komissiyası tərəfindən müəyyən edilir. Nəzəri biliklərin qiymətləndirilməsi mərhələsi test üsulu ilə həyata keçirilir, sualların ən azı 70 (yetmiş) faizinə düzgün cavab vermiş şəxslər praktiki bacarıqların və vərdişlərin qiymətləndirilməsi mərhələsinə buraxılırlar. Praktiki bacarıq və vərdişlərin qiymətləndirilməsi mərhələsi sahə şəraitində nümayiş metodundan istifadə edilməklə həyata keçirilir.

Bu mərhələdə verilən tapşırığı (tapşırıqları) müvafiq Standart Əməliyyat Prosedurlarının tələblərinə uyğun icra etmiş şəxslərə agentlik tərəfindən sertifikat verilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->