
Ötən il Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 7Gun.az saytının baş redaktoru, hüquq müdafiəçisi Cavid Şirəliyev Daxili İşlər Nazirliyini məhkəməyə verib.
Bu barədə Arqument.Az-a Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva məlumat verib.
O bildirib ki, oğlu şərlənərək həbs olunub. Ona görə də DİN-ı məhkəməyə verib.
Cavid Şirəliyevin həbsində gəlincə, onun vəkili Qeys Musayev Arqument.Az-a bildirib ki, Cavid Şirəliyevin həbsi üçün heç bir sübut yoxdur. Ona qarşı irəli sürülən ittiham isə əsassızdır: "Cavid Şirəliyevi dələduzluq maddəsi ilə tutublar. Amma baxın, ondan şikayət edən Şəfiqə İsmayılova ilə arasında telefon danışğı olmayıb. Guya Qazaxda "Tatar" kafesindən pul tələb olub. Vergilər Nazirliyindən rəsmi olaraq bildiriblər ki, "tatar" kafesi qeydiyyata alınmayıb. İttihamda göstərilir ki, Cavid Şirəliyev 2013-cü ildə bu kafedən pul istəyib, amma bütün rəsmi sənədlərdə göstərilir ki, 2014-cü ilə qədər Şəfiqə İsmayılovanın adından torpaq və hər hansı bir obyekt olmayıb. Maraqlıdır, 2013-cü ildə bu hadisə baş vermişdisə, Şəfiqə İsmayılova 2014-cü ildə - 1 il sonra niyə müraciət edirdi? Daha bir fakt odur ki, Cavidə pulun verilib-verilməməsini təsdiq edən şahid yoxdur. Bütün bunlar ittihamın əsassız olduğunu göstərir".
Xatırladaq ki, 2014-cü il senytabrın 1-də “7gun.az” saytının və “7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, “7gun.az”-ın rəhbəri Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Baş redaktor barəsində 2 ay həbsqətimkan tədbiri seçilib və 4 dəfə həbsin müddəti uzadılıb. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır.
Qeyd edək ki, Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki, 7gun.az xəbər portalına rəhbərlik edir. C. Şirəliyev 2010-cu ildə Masallı rayon 71 saylı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.
Qaynar.info