
Sentaybrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək.
"Qaynarinfo.Az" ölkənin tanınmış media qurumlarının rəhbərlərinin referenduma münasibətlərini öyrənib.

"Qafqazinfo.Az" saytının baş redaktoru Elburus Ərud bildirib ki, siyasi mövzularda yazan jurnalist olsa da, siyasi proseslərə mövqe bildirməyib: "Mənim üçün bu suala cavab vermək çətindir. Amma demokratiyanın beşiyi olan Amerikada da dəfələrlə referendum keçirilib. Türkiyədə də həmçinin. Bizim Konsitutisiya da cəmi 21 ildi qəbul olunub. Bu müddət ərzində də bir neçə dəfə referendum keçrilib. Görünən odur ki, xalq buna səs verib və dəstəkləyib. Düşünürəm ki, bu dəfə də xalq münasibətini bildirəcək. Prosesə cəmiyət öz münasibətini bildirirsə, mənim fərd olaraq münasibətimin o qədər də önəmi yoxdur. Burda hansısa məhdudiyyətin olması, millət vəkilliyinə olan yaş həddinin götürülüb-götürülməməsi məni o qədər də maraqlandırmır. Fərd olaraq bu prosesdə iştirak etmirəm".

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, hələ referendumla bağlı tam məlumatı olmadığından bu layihəyə münasibəti formalaşmayıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Konustitusiyaya təklif olunan dəyişikliklərə münasibəti pisdir: "Bununla bağlı yazım da olub. Münasibətim pisdir. Çünki referendumun məqsədləri və nədən qaynaqlanmasının heç biri cəmiyyətə təqdim olunmayıb. Bu qərarın nədən irəli gəldiyi ilə bağlı ictimayət məlumatlandırılmayıb. Bu cəmiyyəti saymamaq seçkiləri saymamaqdır. Mənim üçün referendumun məqsədləri, nəticələri aydın deyil. Bu mənada prosedur əvvəlcədən pozulduğu üçün, mən bunu pis qarşılayıram. İzah olunsaydı, müzakirə aparılsaydı, biz də bilərdik nədən söhbət gedir. Faktiki olaraq bu dəyişiliklərin arxasında nə dayanır, heç kəs bilmir. Nə iqtidarda olanlar, nə də başqaları heç nə bilmir. Orda qeyd olunan yaş məhdudiyyətləri heç nə vermir. O informasiya deyil. Əsas məsələ "Nə üçün? Nədən irəli gəlir? suallarıdır. Bu suallara cavab yoxdur. Təəssüflər olsun ki, bu barədə də heç kim danışmır".

"Modern.az" saytının rəhbəri Elşad Eyvazlı isə bildirib ki, məzuniyyətdə olduğuna görə, referendum layihəsinə təklif olunan əlavələrlə haqqında tam məlumatı yoxdur:"Buna görə də layihə haqqında münasibət bildirməyə çətinlik çəkirəm".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az