
Azər Qaramanlı: "Polisin bu məsələyə görə izahat almaq tələbi qanunvericiliyə ziddir"
"İcra başçısı məni polislə qorxutmağa çalışır". Bunu Qaynar.info-ya Pia.az saytının baş redaktoru Azər Qaramanlı deyib.
Onun sözlərinə görə, bu, Sabunçu rayonu ilə bağlı yaydığı məlumatlarla bağlıdır: "Ötən gün Pia.az-ın redaksiyasına 0556207071 nömrəli telefondan zəng gəldi. Zəng edən şəxs özünü Sabunçu rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Fikrət Məmmədov olaraq təqdim edərək bildirdi ki, Sabunçu rayon Mənzil Kommunal İdarəsinin müdiri Oruc Əhmədov Sabunçu rayon polis şöbəsinə haqqımızda şikayət ərizəsi ilə müraciət edib. Polis mayorunun sözlərinə görə şikayətçi bildirib ki, guya biz onun haqqında həqiqətə uyğun olmayan yazı dərc etmişik və Sabunçu rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Fikrət Məmmədov israrla mənim sabah polis idarəsinə gedib izahat verməyi tələb etdi".
Baş redaktor hesab edir ki, saytda dərc olunmuş yazılara görə polisə şikayət etmək və polisin kimisə çağırıb izahat alması qanunsuzdur: "Mən də polisə bildiridim ki, mətbuatda yazılan hər hansı bir yazıya görə polis araşdırma apara bilməz və vətəndaş Oruc Əhmədov Sabunçu icra başçısının maliyyə maxinasiyaları ilə bağlı dərc etdiyimiz yazı ilə bağlı məhkəməyə müraciət etməlidir. Lakin buna baxmayaraq polis mayoru yenidən israrla mənim şöbəyə gəlməyimi tələb etdi. Ona xatırlatdım ki, polisin bu məsələyə görə izahat almaq tələbi qanunvericiliyə ziddir və bütün hallarda Sabunçu rayon Mənzil Kommunal İdarəsinin müdiri Oruc Əhmədov polisə deyil, məhkəməyə müraciət etməlidir".
A.Qaramanlı bunu Sabunçu rayon İcra Hakimiyyətinin təzyiqi kimi qiymətləndirib: "Biz bir daha Pia.az olaraq öz adımızdan bildiririk ki, bunu Sabunçu icra hakimiyyətinin redaksiyamıza qarşı təzyiqi kimi qiymətləndiririk. Hesab edirk ki, icra başçısı Adil Vəliyev özünün tabeçiliyndə olan idarə müdiri və polis vasitəsi ilə mətbu orqanımıza təzyiq etməyə və susdurmağa çalışır. Çünki biz həmin yazıda Oruc Əhmədovun adını çəkməmişik. Sadəcə İcra başçısı Adil Vəliyevin Mənzil Komunal Təsərrüfatı vasitəsi ilə həyata keçirdiyi maliyyə maxinasiyaları dərc etmişik. Ona görə də bir daha Sabunuçu rayon icra başçısı cənab Adil Vəliyevin nəzərinə çatdırırq ki, haqqında dərc etdiymiz yazı ilə bağlı məhkəməyə müraciət etsin və hüquqa zidd yollara əl ataraq mətbuata qarşı təzyiq həyata keçirməsin".
Qaynar.info