
İyunun 17-də Nərimanov Rayon Məhkəməsində “Gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğluna qaldırılmış iddia üzrə hazırıq iclası başlayıb.
Zabil Müqabiloğlunu İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov məhkəməyə verib. Dövlət məmuru jurnalistin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. O, bu il mayın 30-da “Gunxeber.com”da getmiş “Vilyam Hacıyevin attestasiya rüşvəti” yazısından narazı qalıb. Vilyam Hacıyev İmişlinin icra başçısıdır.
Zabil Müqabiloğlu “Media forum” saytına deyib ki, bu gün hazırlıq prosesində vəkil Elçin Sadıqov iddianın düzgün tərtib olunmadığını və qanunsuz olaraq icraata götürüldüyünü bildirib, geri qaytarılmasını istəyib: “Hakim müşavirədən qayıdandan sonra mənim məhkəmədə iştirak etmədiyimi əsas gətirərək prosesi iyunun 24-nə qədər təxirə salıb. Onun qərarı bizi qane etmir. Çünki bizim istəyimiz qanunsuz icraata götürülmüş iddianın geri qaytarılmasıdır. Cinayət məsuliyyəti yaradan iddianın irəli sürülməsi düzgün deyil”.
Jurnalist əlavə edib ki, vəkilləri ona məhkəmədə iştirak etməyinə elə bir zərurət olmadığını bildiriblər.