
İyulun 11-i Bakıda, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarını müdafiə edən ictimai komitənin mətbuat konfransı keçiriləcək.
Qaynar.info xəbər verir ki, bu barədə “Media forum” saytına Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
Məlahət Zeynallı açıqlamasında bildirib ki, tədbirdə Əvəz Zeynallının həbsi ilə əlaqədar yaradılmış təhqiqat qrupunun hesabatı dinləniləcək: “Vəkillərin, yerli, beynəlxalq jurnalist və insan haqları təşkilatları nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında əsassız ittihamlarla və peşə fəaliyyəti ilə bağlı həbs olunmuş Əvəz Zeynallının Azərbaycan Jurnalistikası Günü ərəfəsində azad olunması üçün müvafiq orqanlara ediləcək müraciətlər müzakirə olunacaq”.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.