Dünya 18:57 06.09.2022

Bayden Moskvaya münasibətdə yumşalır? - Ekspert

ABŞ prezidenti Co Bayden Rusiyanın terrora sponsorluq edən dövlətlər siyahısına daxil edilib-edilməməsi ilə bağlı jurnalistlərin sualına çoxlarının gözlədiyinin əksinə olaraq, "xeyr" deyə cavab verib. Son günlərə qədər Bayden də daxil bir sıra Amerika rəsmiləri öz açıqlamalarında Rusiyanı terrora sponsorluq edən dövlət kimi təqdim edirdilər. 

Ümumiyyətlə, Rusiya ilə bağlı məsələdə ABŞ adminstrasiyasında fikir birliyi yoxdur. Belə ki, dövlət katibi Entoni Blinkenlə müdafiə naziri Lloyd Ostin Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi tərəfdarı olsa da, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan Moskvaya münasibətdə mülayim mövqedən çıxış edir. Bu fonda görünür, Bayden də əsasən onun fikirlərilə hesablaşdığından Rusiyanın terrora sponsorluq edən ölkə olmadığını qeyd edib.

Bayden Rusiyaya münasibətdə niyə yumşalıb? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Fuad Çıraqov bildirir ki, Rusiyaya münasibətdə ABŞ-ın yumşalması, geri çəkilməsi müşahidə edilmir:



"Deməzdim ki, Bayden Rusiyaya münasibətdə yumşalır. Hansısa siyasətçi, konqresmen və ya senator hansısa bir dövləti terrorçu adlandıra bilər, çünki o, dövlət qarşısında hansısa bir siyasi-hüquqi məsuliyyət daşımır. Yəni belə fikirləri adi bir siyasətçi deyə bilər. Hətta Konqresin bu istiqamətdə qərar verməsi də mümkündür. Dövlət başçısının digər dövləti terrorçuluğa sponsorluqda ittiham etməsi isə faktiki olaraq müharibə elan etməyə bərabər olardı. Bu halda hər hansı bir diplomatik təmas, hər hansısa bir kommunikasiya və danışıqlar da olmayacaq. Onun da arxasınca dövlətin daha sərt tədbir və məhdudiyyətləri gələ bilər. Rusiyaya qarşı təzyiqlər edilir, amma bu, müəyyən çərçivələr daxilində həyata keçirilir. Hansısa bir məsələdə ABŞ-ın yumşalması, geri çəkilməsi isə müşahidə edilmir”. 

Rüfət Sultan