Xəbər lenti

Bazar olsun…
Ölkə08:10 13.12.2013

Bazar olsun…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Mən Lənkəranda “Böyük Bazar”ın ərazisində yaşayıram. Bu bazarın ərazisində yaşayan adamların, doğrudan da, dostluqları həmişə şəhərin başqa ərazilərində yaşayan insanlarına nümunə kimi göstərilib. Və bu üzdən mən bu bazarın ətrafında yaşadığım, böyüyüb başa çatdığım üçün qürur hissi duyuram...

2000-ci ildə mərhum şairimiz Nadir Müzəffərlə məhz bu bazarın ərazisində tanış olmuşdum. Daha doğrusu, mən dayımgilə gələndə onun dayıma oxuduğu bir qəzələ əla deyərkən. Doğrusu, dayımın ona mənim şeir yazmağım barədə dediyini bilmirdim. Xülasə, rəhmətlik məndən bir şeir oxumamı istədi. Mən bir gəraylı guppuldatdım. O, öz iradlarını bildirdi. Üstəlik, mənə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində keçirilən ədəbi məclislərdə iştirak etməyi məsləhət gördü. Mən ondan həmin bölmənin harada yerləşdiyini soruşanda, o, düz Böyük Bazarın içində olduğunu demişdi...

Bir xülasə də deyim, keçək əsas məsələyə. Nadir Müzəffərlə ədəbiyyat haqqında söhbətlərimizdən 5-10 gün sonra mən Yazıçılar Birliyinin Lənkəran bölməsinə gəlib ədəbi məclislərdə davamlı iştirak etməyə başladım. Gözəl mənzərəydi, 6 rayonun yaradıcı insanlarını özündə birləşdirən bölməmizin pəncərələri hər iki tərəfdən bazara açılırdı. Amma bayırdakı zibillikdə çürüyən meyvələrin ürək bulandıran qoxusuna baxmayaraq, bölməmizdəki ab-hava tərtəmiz idi, mühit dup-duruydu o zaman. Bəli, o vaxtlar cənub ədəbi mühitinin uzun illərdən sonra təkrar çiçəklənən dövrüydü...

Hələ o dövürlərdə də bölməmizin yerləşdiyi birmərtəbəli köhnə, yarıçökmüş binasının söküləcəyi ilə bağlı xəbərlər dolaşırdı. Bölməmizin sədri İltifat Salehin uzunsürən cəhdlərindən sonra (Süleyman Mikayılovun Lənkəranda icra başçısı işlədiyi vaxt) bu problem qismən də olsa, aradan qaldırıldı. Yəni Azarbayçan Yazıçılar Birliyinin Lənkəran bölməsi, keçmiş Azadlıq meydanının elə bazara aid olan dörd girişindən birinin sağında yerləşən Təhsil şöbəsinin binasına köçürüldü. Bu binada bölməmizə iki otaq ayrıldı. Və bu iki otaq  həmin təhsil şöbəsinin binasında yerləşirdi ki, o binada da "bazar" örtülüydü... Və bu binadan ədəbiyyatımızın pəncərələri "Gilan" Holdinq tərəfindən tikilən yaşayış binalarının bu  gedişlə heç vaxt ala bilməyəcəyimiz evlərinin kimsəsiz pəncərələrinə açılırdı...

2000-ci illə müqayisədə bu yeni örtülü bazarın içində keçirilən ədəbi məclislərin sayı ayda 3 dəfədən 1 dəfəyə endirildi. O vaxt bu məsələyə münasibət bildirib etiraz edəndə məclisdə 20-dən yuxarı yazar iştirak edirdi. Amma bir nəfər də yaradıcı adamlardan mənim fikrimi dəstəkləyən olmadı...Bölməmizin sədri  bu barədə o vaxt “Alma” qəzetinə verdiyim müsahibəmi nəzərə alıb, mənim təklif etdiyim kimi ədəbi məclislərin yenidn ayda 3 dəfə keçiriləcəyini səsə qoydu. Yenə də təklif istədiyim kimi səmərə vermədi, heçə lənət; məclisin ayda bir dəfə yox, iki dəfə keçiriləcəyinə nail oldum. Bazarsa hələ də örtülü qalırdı...Düşünürdüm ki, ölkəmizin Bazar iqtisadıyatına təzə keçdiyi illərdi, hərə öz piştaxtasının yerini müəyyənləşdirəndən sonra hər şey qaydasına düşəcək...

2000-ci ildən 13 il keçir. Bu gün Lənkəran camaatının, o cümlədən Lənkəranın yaradıcı adamlarının çoxu öz evlərinin bir hissəsini söküb, dükan kimi istifadəsi üçün əllərindən gələni edirlər. Amma çoxumuz hələ də fərqində deyilik ki, bazar açmaq, al-ver eləmək üçün dükan tikmək, hansısa markete sahib çıxmaq əsas məsələ deyil. Əsas məsələ harada al-ver elədiyindən asılı olmayaraq, malının mal yox, bazarının bazar olmasıdır...

Lütfən bu yazını oxuyarkən məni qınamayın ki, müəllif özü də bu köşədə  əməlli-başlı bazar açıb. Lap elə məni qınasanız da,  sizinlə razılaşmalı olmayacağam. Çünki mənim bazarım müasir standartlara uyğundur. Və ən azından mənim açdığım bazar örtülü deyil, atalar da əbəs yerə deməyib:  “Örtülü bazar dostluğu pozar".

Bü gün də küçəyə çıxdıqca, hələ də küçələrin evlərdən çox bazarla dolduğu bir vaxtda sizə bir şeyi arzulayıram: BAZAR OLSUN...

8.12.2013