Ekspert deyir ki, Azərbaycanda camaatın mal-qarasının qırılmasında maraqlı olan qüvvələr var Vahid Məhərrəmov: «İndi bu sahə tamamilə başlı-başına buraxılıb»Regionlarda iri buynuzlu heyvanların kütləvi şəkildə tələfatı Dövlət Baytarlıq Nəzarəti Xidmətini hərəkətə gətirib. Belə ki, nodulyar dermatit virus xəstəliyinin müşahidə olunması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova bölgələrə səfər edib.
Qurumun saytında yer alan məlumata görə, S. Rüstəmovanın rəhbərliyi altında xidmət əməkdaşları xəstəlik müşahidə edilən təsərrüfatlarda dezinseksiya işləri aparıb, heyvanlarda simptomatik müalicə tədbirləri həyata keçiriblər.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə müşahidə olunan bu xəstəliyin müayinəsi üçün testlər kənd təsərrüfatı naziri Heydər Əsədovun dəstəyi ilə alınıb gətirilib və Respublika Baytarlıq Laboratoriyasında nümunələr müayinə edilib, xəstəliyin virus mənşəli nodulyar dermatit olması öz təsdiqini tapıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizotik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.
Yerli fermerlər "Turan" Agentliyinə bildirib ki, sentyabrın sonundan heyvanlar ölür və xəstəlik yayılır. Amma avqustda Dövlət Baytarlıq Xidməti bəyan etmişdi ki, xəstəliyin yayılmasının qarşısı alınıb. Xəstəliyin lokallaşdığı elan edildiyi zonalarda oktyabrın əvvəlində də heyvanların ölümü qeydə alınıb.
İlk dəfə virus Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, sonra isə Bərdə, Samux, Laçın, Zərdab və digər rayonlarda yayılıb. Bir neçə min heyvan xəstəliyə tutulub. Onlarla mal-qara ölüb.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Bizim Yol"a açıqlamasında ölüm faktlarının ört-basdır edildiyini bildirdi: "Bu xəstəliklər mal-qara arasında tələfata səbəb olur, məhsuldarlığı kəskin şəkildə aşağı salır. Yayılmış xəstəliklər fermerlərimizi ciddi zərərə məruz qoymaqla yanaşı, əhalinin sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir. Son zamanlar Azərbaycana çoxlu sayda heyvan idxal olunur ki, onlarla bərabər indiyə kimi mövcud olmayan təhlükəli xəstəliklər də ölkəmizə gətirilib".
V.Məhərrəmovun sözlərinə görə, hazırda mal-qara arasında yayılan xəstəlik nodulyar dermatitin başqa bir formasıdır: "Hələ ki, yerli baytar həkimləri bu xəstəliyə şübhəli yanaşırlar. Xəstəliyin nədən əmələ gəlməsi bəlli deyil, əgər heyvanlar tələf olursa, insanlar da ölə bilər. Əslində, bir heyvanda bir neçə xəstəlik var. Əsas bəlamız odur ki, mal-qara zəifdir, normal qidalanmır, yaxşı qulluq edilmir, vaxtlı-vaxtında profilaktik tədbirlər görülmür. Sovet dövründə təsərrüfatlarda çox ciddi nəzarət var idi. Hətta fərdi təsərrüfatları olanların mal-qarasına nəzarət edilməsi ilə bağlı göstəriş var idi. İndi bu sahə tamamilə başlı-başına buraxılıb. Düşünürəm ki, bunu qəsdən edirlər. Bir çoxlarının marağı ondan ibarətdir ki, diri heyvanları, südü, əti və digər heyvandarlıq məhsullarını xaricdən gətirib satsınlar".
Ekspert əlavə etdi ki, hazırda iri və xırda buynuzlu heyvanlar arasında ən geniş yayılmış xəstəlik bruselyozdur: "Daha sonra vərəm, dabaq, qarayara, son zamanlar isə nodulyar dermatit xəstəliyi fərqli formalarda yayılıb. Nodulyar dermatitin qarşısını ala bilmirlər. Bunun səbəbi isə peşəkar kadrların sıradan çıxarılmasıdır. Prezidentin yeni sərəncamı ilə Baytarlıq Xidməti dəyişdirilərək Dövlət Baytarlıq Nəzarəti Xidməti olub. Bu qurum artıq profilaktik tədbirlərlə məşğul olmayacaq, yalnız nəzarəti həyata keçirəcəklər. Yəni fermerləri cərimələməklə məşğul olacaqlar".
V.Məhərrəmov deyir ki, bu gün bazarda satılan ətin xəstə heyvanların əti olmadığını demək mümkün deyil: "Bu yaxınlarda Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlama vermişdi ki, 266 adam heyvanlar arasında yayılan bruselyoz xəstələyindən yoluxub. İndi də bunların sayı 300-ə çatıb. Artıq bu, onu deməyə əsas verir ki, ölkədə ət və ət məhsulları bazarında nəzarət yoxdur. Təkcə bruselyozdan bu qədər adam yoluxubsa, deməli, digər xəstəliklərə də yoluxanların sayı çoxdur. Azərbaycanda səhiyyə sahəsində problemlər olduğu üçün insanlar həkimlərə son anda müraciət edirlər. Bu xəstəliklərdən ola bilsin ki, ölənlər, əziyyət çəkənlər də var. Sadəcə olaraq, səhiyyə ocaqlarına müraciət edilmədiyi üçün dəqiq statistikası aparılmır".
Mütəxəssisə görə, insanların özləri gigiyenik qaydalara əməl etməlidir. Ətdən istifadə edilərkən əlcəklər geyilməli, onun yanına uşaqlar buraxılmamalıdır. Ət kəsilərkən istifadə edilən alətlər qaynadılsa yaxşı olar. "Bütün bu gigiyenik təhlükəsizlik hər ehtimala qarşı görülməlidir. Əgər alıcı ətin xarici görünüşündən şübhələnirsə, sarılıq əlamətləri hiss edilirsə, istifadə edilməsin. Xəstəlik olanda, əsasən, mal-qarada qızdırma yaradır. Qızdırma zamanı isə heyvanların əti saralır. Və yaxud ətin rəngi qara olanda da xəstəlikdən xəbər verir. Sözügedən əlamətləri görən müştəri imtina etməli, onu almamalıdır",- deyə V.Məhərrəmov vurğuladı.
Əslində, bu tip məsələlər qanunla tənzimlənməlidir. Kəsim üçün nəzərdə tutulan hər bir heyvanın qanından analiz götürülməli, daha sonra bazara çıxarılmasına razılıq verilməlidir. Təəssüf ki, bu qaydalara əməl edilmir".