
Jalə İsmayıl
Son olaylarda Abel Məhərrəmov sadəcə əsəblərinə nəzarət edə bilmədi. Qonaq qarşılamağa hazırlaşan rektor tələbə etirazını çox gözəl şəkildə işin xeyrinə yoza bilərdi. Oturan, duran, bağıran tələbələri göstərib “Görürsüz, bizdə demokratiyadır” havasına girmək heç pis olmazdı xarici qonaqların qarşısında.
Gələnlər mütləq təsirlənərdi və demokratiyanın böyüklüyünə paxıllıq edərdi. Bunun əvəzindəsə, cənab rektor tələbəni tutmağı əmr edir.
3 dəfə qovulmuş tələbəyə qarşı humanist davranaraq bərpa edən və həmin tələbənin üzə durmasından qeyzlənən rektor yenə səhvə yol verir. “Səni elə qovaram, izin də qalmaz” deməklə, bütün medianın manşetinə çevrilir. Deyirlər, artıq təqdimat da yazılıb nazir tərəfindən.
Bəli, bizim rəhbərlərin ciddi PR mütəxəssislərinə ehtiyacları var. Azacıq psixoloji gərginliyə dözə bilmirlər, dərhal qeyri-adekvat reaksiya verirlər, sonra da situasiyanı düzəltmək mümkün olmur.
Təhsilə gəlincə, bir rektor düşüncə sahibi olan tələbələrilə qürur duymalıdır. Amma, bizim rektor israrla aksiyanın universitet tələbələrinin təşkil etmədiyini deyir. Niyə?
Dünyanın böyük universitetləri sırasına qoşulmağa iddialı BDU-nun tələbəsi o qədərmi ölüvaydı? Etməyibsə, bu, daha pis. Tələbə oxumayıb, kəsri var, dava yorğan davasıdı əslində, təhsil aldığı yeni sistemin qaydalarının əksinə çıxır, digər tərəfdən də etiraz edə biləcək cəsarətdə deyil, onda siz nə yetişdirirsiniz orada? Balqabaqmı, Abel müəllim?
Sirr deyil ki, bütün dövrlərdə Bakı Dövlət Universiteti ölkənin ən demokratik universiteti olub. Təəssüf ki, başqaları ilə müqayisədə. Yəni belə desək, bu ölkədə, belə bir siyasi rejimdə nə qədər demokratik olmaq mümkündürsə, o qədər demokratik olub və demokratikdir.
Bu özünəməxsus demokratik ab-hava ildən-ilə azalsa da (çünki üsyankar ruhlu tələbələr müəllim kimi universitetə geri qayıtmırlar, qayıdanlar da uzun müddət qərar tutmurlar), yenə də nə isə qalır. Bu “nə isə” böyüməlidir. Bu “nə isə” yaşamalıdır. Bakı Dövlət Universitetini “narxoz”, “poltexnik”, “medinstitut” olmağa qoymayan, həmin bu “nə isə”dir, Abel müəllim, savadlı, üsyankar, etirazçı tələbələrinizlə qürur duyun. Onlar düşünə bilirlər. Onların bu dövlətə xeyri elə düşünə bilməkləridir.
Aydındır ki, sistemin kiçik çarxı olan BDU öz rolunu yerinə yetirməkdən imtina edə bilməz. O kresloda kim oturur otursun. Belə də davam edəcək. Sistem dəyişməsə, heç nə dəyişməyəcək.
Universitetdə 3 rektor görmüş, 6 il oxumuş adam kimi deyirəm.