Ölkə 13:10 18.06.2022

BDU-da nə baş verir: Rüşvət iddiaları, imtahanlardan kütləvi kəsilmə...  - VİDEO

Bakı Dövlət Universitetində (BDU) yüzlərlə tələbə yekun dövlət imtahanlarından kəsilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Universitetin hüquq fakultəsindən 200-ə yaxın, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsindən 150,  riyaziyyat fakultəsindən 100-dən çox tələbə yekun dövlət imtahanlarından keçə bilməyib. Bununla universitetin digər fakultələrindən də eyni hal yaşanıb. 

BDU -nun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, 2021-2022-ci tədris ilində yekun dövlət imtahanlarında iştirak edən tələbələrin  70 faizindən çoxu müvəffəq qiymət alıb: "İmtahandan keçə bilməyən digər tələbələr üçün 22-23 iyun  tarixlərində təkrar yekun dövlət imtahanları keçiriləcək”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi ilə bağlı səsyazma yayılıb. Səs yazısının universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus olduğu iddia olunur.

Sözügedən səs yazısında müəllim birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyir: "İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

Oxu.az-ın redaksiyasına müraciət edən sözügedən fakültənin tələbələri də bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. 

BDU-nun Mətbuat xidmətindən bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır.

Əhməd