Bu odlar yurdunun külü də, Kürü də, kürüsü də gözəldi.
Yollarda maşın, küçələrdə insan tıxacı.
Bu tıxaclarda inək avtobuslardan, qoç CİPlərdən, qoyun jiqulilərədən ibarət sürüsü də gözəldi.
Sözlərin susub rəqəmlərin danışdığı zamanda budur məntiqin təbiri-cəbri-caizi: işğaldakı torpağın faizinə bərabərdi bank kreditlərinin faizi.
Və ən uzunömürlü Əlifağa kişinin Yaşı qədərdi pensiyası... 180 – qanın təzyiqi, 120 – neftin bareli, 400 – qanın şəkəri, 1400 – qızılın unsiyası...
Ey ATƏT-in vasitəçilik missiyası, Allahla aramızda mollanın, insanla aramızda Xeyrullanın vasitəçilik elədiyi yerdə şairlər yarla da durnalar vasitəsiylə hal-əhval tutmaqda.
Və bu fırıldaq şairlər min illərdi ki hökmdarlara bəsit mədhiyyələrini sırıyıb, əvəzində mandatlar, xalatlar, baratlar, manatlar almaqla hakimiyyətə əməlli-başlı “atmaqda”.
Hərçənd, Molla Pənah Vaqifin hürüsü də gözəldir, Nəsiminin, ölüykən, yoxsa diriykən soyulduğu ölüm-dirim polemikasına çevrilən dərisi də gözəldi.
Noolsun ki evi birotağlıyam, qanımla, canımla, uzun sözün qısası hər yanımla bu vətənə bağlıyam.
Babam Qoç Koroğlu, dayım Qoçu Əsgər, havam Qoçəli, xasiyyətim Qoç bürcü. Yəni, baxma ki əsl adım Mameddi, mən Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam...
Soruşsan kimin oğluyam: Çənli BELDƏN gəlmişəm.
Saranı aparmış seldən gəlmişəm, Məcnunun düşdüyü çöldən gəlmişəm. “Göylərə baş çəkən Göyəzən dağı”ndan, Göy tanrıdan, Göy məsciddən, Göyçaydan, Göy göldən gəlmişəm.
Anadan 1966-cı ildə olmuşam, dünyaya 1466-cı ildən gəlmişəm.
Allah məni palçıqdan yaratmayıb, qədimliyimi sübut eləməkçün qazıntı aparan yekə-yekə alimlərimizin orda-burda tapdığı gildən gəlmişəm.
Bəli, mənim vətənimin keçmişi də, gerisi də gözəldi.
SSRİ-ni dağıtmağın andını içə bilmərəm, amma “din tiryəkdir” deyən Leninin acığına zəncir vura-vura kommunizmi mən qoymamışam qura.
Siyasətçilərimdən biri imam-camaatdı. Qalanları səyyahi-Ərafatdı. Əmvatına bir salavatdı. Salavatın biri yas məclislərində bir manatdı.
Allahla, şeytanla qəlb və beyin söhbəti eləməyə heç zaman can atmayan, yalnız Allaha dua, şeytana lənət oxumaqdan ibarət kasad leksikonlu yurdumun “miri”si də gözəldi.
Camaatım yaxşı camaatdı, dövlətinin keşiyində daim farağatdı.
İbrahim xanın dövlətçiliyi xilas eləməkçün Teymurləngə verəcəyi rüşvəti xalq öz qızıl-gümüşündən yığıb vermədimi?!
Sovet dövlətçiliyini Hitlerdən qorumaqçün öz qoyunlarını qırxıb yunundan əsgərlərə corab hörmədimi?!
Nə isə... Vətəndaş xanım öz bəxtindən küssün ki, çirkindi, Dövlət bəyin ölüsü də gözəldi, dirisi də gözəldi.