"Belçika parlamentinin bu qərəzli mövqeyinin arxasında "yakut almazları” ilə alver edən erməni diasporu dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Belçika Nümayəndələr Palatasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməni şərh edərkən deyib.
Həmsöhbətimiz düşünmür ki, Paşinyan bunu etmək gücündə olsun:
"Onun Belçika parlamenti və hökumətinə təsir göstərmək gücü yox dərəcəsindədir. Amma sirr deyil ki, erməni diasporu Belçikada da güclü təsirə malikdir. Onlar burada brilyant alveri sahəsində olduqca fəaldırlar. Həmin brilyant bura Rusiyadan gətirilir. Ermənistanın özündə də bu prosesi təşkil edən qüvvələr var. Yəni belə demək mümkünsə, Belçika parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsinin arxasında "Yakut almazları" dayanır. Belçikada onun da 80 faizinə erməni diasporu nəzarət edir. Onların sayəsində brilyant məsələsi güclü siyasi alverə çevrilib".
Qeyd edək ki, Belçika Nümayəndələr Palatası ötən həftəsonu Azərbaycana qarşı birtərəfli və qərəzli qətnamə qəbul edib. Özü də bu qətnamə baş nazir Nikol Paşinyanın Brüsseldə Avropa Şurasının və Avropa Komissiyasının sədri ilə yanaşı Belçikanın baş naziri Bart de Veverlə görüşüb İrəvana qayıdan kimi qəbul edilib.
Sənədin müəllifləri Cənubi Qafqazda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gələrək, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərib, rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmayıblar. Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ inkar edilir. Onlar hətta Azərbaycana qarşı sanksiya tətbiqini də tələb edirlər.
Xatırladaq ki, erməni lobbisi Belçikada da güclü mövqeyə malikdir. Fransa kimi burada da onlar yerli qurumlara öz təsirlərini göstərə bilirlər. Başqa bir tərəfdən, son zamanlar Avropada anti-Azərbaycan qüvvələrinin də yenidən fəallaşmağa başladığı hiss olunur. Maraqlı məqamlardan biri də odur ki, Belçika parlamenti həmin qərarı erməni baş nazir Paşinyanın Brüsselə səfəri fonunda qəbul edib.
Rüfət Sultan
Şərhlər