Xəbər lenti

Dünya 19:51 11.10.2024

"Bəlkə də Zelenski müharibədən ümidini üzüb..." (ŞƏRH)

"Zelenskinin ayrı-ayrılıqda İtaliya, Fransa, Almaniya, Böyük Britaniya liderlərilə görüşməsi nəsə ekstraordinar məsələlərdən xəbər verir. Bu danışıqlarda ola da bilsin atəşkəs məsələsi müzakirə edilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ukrayna prezidenti Volodimir Zelenskinin Böyük Britaniya, İtaliya, Fransa və Almaniya liderlərilə görüşündə problemli məsələlərin həllinə ümid edib-etməyəcəyini şərh edərkən deyib.

"Ukraynaya silah lazımdırsa, Zelenski durub bir-bir Qərb ölkələri lliderlərilə görüşüb onu istəməli deyil. Bunun üçün Qərb NATO-nun timsalında toplum halında qərar verməli və hər qurum üzvü olan ölkəni Ukraynaya silah verməyə məcbur etməlidir. Bu mənada Zelenski qısa zaman kəsiyində Aİ-nin aparıcı ölkələri olan İtaliya, Fransa, Almaniya, habelə Böyük Britaniya liderlərilə görüşürsə, bu nəsə ekstraodinar məsələdən xəbər verir. Zelenskinin həmin liderlərlə bir-bir görüşməsi o deməkdir ki,  artıq Qərbdəki qüvvələr ABŞ başda olmaqla geniş planda NATO ölkələrini Kiyevə silah verməyə məcbur edə bilmir. Ola da bilsin Zelenski bir neçə ay qabağı görərək, bir müddətdən sonra Rusiya ilə vuruşmağa silah tapılmayacağını anlayır. Ona görə də problemin həlli üçün Avropanın aparıcı ölkələrinin liderlərilə təkbətək görüşür”, deyə Əlimusa İbrahimov bildirib.



Ekspertin fikrincə, Zelenskinin həmin görüşlərindən əslində başqa bir tendensiya hiss olunur: 

"Bəlkə də Zelenski müharibədən ümidini üzüb və ona görə Avropa liderlərilə görüşməklə gələcək danışıqların başlanması üçün əsas yaradır. Bu səbəbdən bəlkə də danışıqlarda atəşkəsin əldə edilməsi məsələsi müzakirə edilib. Hər halda yaxın zamanlarda bunun nə olduğunun şahidi olacağıq. Qərbin Ukraynaya silah verib-verməməsindən asılı olaraq məsələnin nə yerdə olduğunu hiss edəcəyik”.

Qeyd edək ki, Volodimir Zelenski ölkədə yaranan böhranı müzakirə etmək üçün oktyabrın 10-da Böyük Britaniya, Fransa və İtaliya liderləri ilə görüşlər keçirib. Həmin günü, səhər saatlarında Londona gələn Zelenski orada Baş nazir Kir Starmer və NATO-nun yeni Baş katibi Mark Rütte ilə danışıqlar aparıb. 

Ukrayna lideri daha sonra Parisdə prezident Emmanuel Makronla, Romada isə İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşüb. Bu gün isə o, Papa Fransisklə danışıqlar aparmaq üçün Vatikanda olmalıdır. Vatikana səfərindən sonra Ukrayna prezidenti Berlinə yollanaraq kansler Olaf Şoltsla bir araya gələcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->