Xəbər lenti

Bəlkə öldük? - KÖŞƏ
Ölkə11:36 02.02.2015

Bəlkə öldük? - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aybəniz Alızadə

Epikros ölüm qorxusuna qalib gəlməkçün deyirdi ki, "Əgər birini sevirsənsə, onun da öləcəyini bilməlisən".

İndicə bir dostumun sevgilisi yazdı ki, sənin filankəslə (dostumla) şəklin var? Ona kollaj yığmaq istəyirəm, çox istədiyi uşaqlar, yaxın dostlarıyla.

Düşünmədəm dedim ki, yoxdur. Çünki ehtiyac hiss etməmişik. Şəkil nəyə lazımdır deyə yox ha, onsuz da həmişə bir yerdəyik deyə. Yəni o qədər çox vaxt keçirmişik, o qədər yaxın olmuşuq, bir-birimizi çox istəmişik ki, "gəl bir şəkil çəktirək" demək ağlımızdan keçməyib. Heç vaxt ayrılmayacaqmışıq kimi. Və bu gün mən İstanbuldayam, gedib Bakıda onunla şəkil çəkdirib sevgilisinə verə bilmirəm ki, al bu bizim şəklimizi də o sevgiylə yığdığın kollaja qoy.

O gün ev yoldaşıma deyirdim ki, çox qəribədir, həyatımda iki dəfə həqiqətən sevmişəm və o iki insanla da bir dənə də olsun şəklimiz olmayıb. Amma çox da dəyərli olmayan o qədər adamlar var ki, hamısıyla fotomuz var. Niyə belədir? Dedi ki, bəlkə də heç vaxt ayrılacağınızı düşünmədiyin üçündür.

Bəlkə də.

O gün dərsdə müəllim çox şablonlaşmış bir cümləni elə yerində işlətdi ki, təsirindən ayıla bilmirdim. Dedi, "Hər zaman vidalaşarkən yenə görüşəcəksiniz kimi yox, bir daha görüşməyəcəksiniz kmi vidalaşın. Bəlkə öləcəksiniz".

Və İsa (İsa Şahmarlı) öldü. Bizimsə bərabər bir şəklimiz belə yox idi. Xatirə elə ancaq qulağımda qalan zarafatları idi.

Bakıya gedən kimi çox sevdiyim 2-3 nəfər var, onlarla mütləq şəkil çəkdirəcəm. Bilmək olmaz, bəlkə öldük?

Qaynar.info