14:40
Aprelin 10-da Beyləqan rayon Bolsulu kənd sakini, şəhid Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində rayon icra başçısı Vaqif Abdullayevlə şəhidin yaxınları aasında baş verən qalmaqalla bağlı yazımıza Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Azər Süleymanovdan reaksiya gəlib.
Qaynarinfo.az-a rəsmi mktub göndərən A.Süleymanovun mövqeyini dərc edirik:
“Vətən uğrunda şəhid olmuş hər kəsə və ailə üzvlərinə hörmət və ehtiram borcumuzdur. Son döyüşlərdə Beyləqan rayonu da 4 şəhid verdi. Şəhidlərimizin dəfn və yas mərasimlərində Xocavənd rayon rəhbərliyi və rayon sakinləri beyləqanlılarla birlikdə olmuşlar. Şəhidimiz Cavadzadə Şahin Yaşar oğlunun dəfn mərasimində Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev və Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov birlikdə iştirak etmişlər. Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev həmin mərasimdə iştirak etməyib. Mərasimdə rayon sakinləri ilə bərabər xeyli əsgər və zabitlər də iştirak etmişdir.
“Qaynarinfo.az” saytında “İcra başçısından şəhid ruhuna hörmətsizlik” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, dəfn mərasimində hər hansı danışıq və mübahisə baş verməyib. Dəfn mərasimi təntənəli, Şəhid adına layiq keçirilib, hər iki rayonun İcra Hakimiyyəti başcıları, zabitlər və Şəhidimizin ailə üzvləri çıxış ediblər. Bolsulu kəndində başlayan mərasim “Cərciz Peyğəmbər” ziyarətgahındakı qəbiristanlıqda Şəhidimizin dəfni ilə başa çatıb və hər iki rayonun İcra Hakimiyyəti başçıları sonadək dəfn mərasimində iştirak ediblər. Bir daha qeyd edirik ki, dəfn mərasimində hər hansı inciklik, mübahisə və narazılıq baş verməyib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!”.
Redaksiya olaraq onu da qeyd edək ki, qalmaqalda adı hallanan Beyləqan İcra Hakimiyyətindən hələ ki, mövzu ilə bağlı mövqe bildirilməyib.
10:52
4 günlük müharibədə vətən torpağını düşməndən qəhrəmancasına qoruyan və işğal altındakı torpaqlarımızı geri alarkən şəhid olan əsgərlərimizin dəfni rayonlarda izdihamla, həmçinin yerli icra hakimiyyətlərinin iştirakı ilə keçirilib. Qaynarinfo.az-a daxil olan məlumata görə, 10 aprel tarixində düşmənin təxribatının qarşısını alarkən şəhid olan Beyləqan rayon Bolsulu kənd sakini Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində rayon icra başçısı Vaqif Abdullayevlə şəhidin yaxınları yas çadırında əməlli-başlı mübahisə ediblər.
İcra başçısının şəhid ailəsininin övlad acısını nəzərə almayaraq, onlarla həddindən artıq kinayəli danışığı şəhidin yas çadırında əyləşən ağsaqqal qohumlarından birinin etirazı ilə qarşılanıb. Hadisə yerində olan şəxs deyir ki, Vaqif Abdullayev bütün həddləri aşaraq, dövlətin və İcra Hakimiyyətinin onlara kömək etdiyini deyib. Bu isə yas sahibinin daha çox qəzəbinə səbəb olub. Yas evinə bir neçə yüz manatlıq bazarlıqla gələn Vaqif Abdullayevin "müharibədə kimsə ölməlidir" ifadəsini işlətməsi və "lazımı qayğının göstərildiyini" dilə gətirməsi mübahisəni daha da böyüdüb.
Şəhid ailəsi dövlətin onlara göstərdiyi qayğıdan və hörmətdən məmnun olduğunu deyərək icra başçısına eyham vurub ki, özünü çox tərifləməsin, dövlətin ona aiddiyyatı yoxdur. Hadisə yerində olan şahidimiz qeyd edir ki, Vaqif Abdullayev bu mübahisədən sonra şəhidin yasında qısa müddət oturaraq oranı tərk edib.
İcra başçısının bu hörmətsizliyi isə rayon ictimaiyyəti arasında pis qarşılanıb və artıq bir neçə ziyalı təşkilatı Vaqif Abdullayevin dikbaşlığı, şəhid ailəsinə, ziyalılara hörmətsizliyi ilə bağlı imzatoplama kampaniyasına başlayıb. Onlar icra başçısından dövlət başçısı İlham Əliyevə şikayət edəcəklər. Mənbə qeyd edir ki, Vaqif Abdullayev bu mübahisəni etdiyi zaman onun yanında Füzuli rayon icra başçısı Alı Alıyev və Xocavənd rayon icra başçısı Eyvaz Hüseynov da olub. Mübahisənin dava-dalaş həddinə çatmasının qarşısını isə Eyvaz Hüseynovla yası idarə edən şəxslər alıb.
Qaynarinfo.az