“CTS AQRO” MMC-nin rəhbərinin həbsi min hektarlarla pambıq əkilmiş tarlada bütün aqrotexniki işlərin dayanmasına səbəb olub. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi xəbərə görə, indi həmin əkin sahələrinin taleyi sual altındadır.
Xəbər verdiyimiz kimi, adıçəkilən MMC-nin rəhbəri “kredit oliqarxlarının işi” çərçivəsində saxlanılıb. O, Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqda problemlə üzləşib.
MMC-dən verilən məlumata görə, 2015-ci ildə yerli fermerlərlə MMC arasında müqavilə imzalanıb. Həmin müqaviləyə görə, fermerlər 680 hektar sahədə pambıq əkib-becərməli imiş. “CTS AQRO” MMC bankdan aldığı vəsaiti fermerlərə çatdırmalı olduğu halda bunu edə bilmir. İlkin dövrdə fermerlərə avans şəklində 140 min manat ödənilib. Pulun qalan hissəsi sonra mərhələ-mərhələ ödənilməli imiş. Fermerlər avansa alandan sonra əkini həyata keçiriblər. İndi sə bitkiyə qulluq etməyə, aqrotexniki tədbirləri gerçəkləşdirməyə vəsait yoxdur.
Hazırda pambıq tarlasına qulluq etməyin ən məsul dövrü olsa da pul yoxdur. Fermerlər maliyyə çatışmazlığı ucbatından nə azot gübrəsi və texnika yanacaq ala, nə də suvarma işlərini görə bilmirlər.
Mayın 29-da şirkətin nümayəndələri baş nazir Artur Rəsizadəyə, Prezident Administrasiyasının aqrar məsələlər sektoruna və Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimova müraciət edərək kömək istəmişdi.
MMC-dən virtualaz.org saytına verilən məlumata görə, bu müraciətdən sonra məsələyə kənd təsərrüfatı naziri tərəfindən müdaxilə edilib. Heydər Əsədov bir neçə gün öncə “CTS AQRO” MMC-nin nümayəndələrini qəbul edərək onların problemi ilə tanış olub.
Nazir “Aqrolizinq” MMC-yə pambıqçılara 1380 ton azot gübrəsi verməyi tapşırıb. Bununla da 10 min hektar sahədə pambıq əkən 12 rayonun fermerlərinin problemi öz həllini tapıb.
Qaynar.info