Xəbər lenti

Beynəlxalq donor təşkilatları Azərbaycanla Ukraynaya gerçəkdən fərq qoyur? (ŞƏRH)
Ölkə06:43 06.07.2022

Beynəlxalq donor təşkilatları Azərbaycanla Ukraynaya gerçəkdən fərq qoyur? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna-Rusiya müharibəsi ilə Azərbaycan-Ermənistan müharibəsi eyni deyil. Bunu eyniləşdirmək olmaz. Çünki burada fərqli cəhətlər var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli Milli Məclisin deputatı Vüqar Bayramovun "Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir” fikirini şərh edərkən deyib. Ekspert bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad olunması uğrunda mübarizə aparırdı və hərbi yolla da kifayət qədər ciddi uğur qazanaraq öz problemini həll etdi:
"Rusiya-Ukrayna müharibəsi isə tamam fərqlidir, masştabına, ərazi genişliyinə görə. Təsəvvür edin ki, Rusiya-Ukrayna müharibəsinin cəbhə xətti 1200 km yaxındır. Bu böyük bir ərazidir və Avropaya daha yaxındır. Burda münasibətin də fərqli olması normaldır. Miqyas və məqsədlər fərqlidir. Amma Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası ilə də bağlı donor təşkilatlarının müəyyən təklifləri var. Məsələn, Avropa Birliyi Azərbaycana 2,2 milyard avro ayırması ilə bağlı ilkin qərar var”.
Natiq Cəfərli qeyd edib ki, burada əsas məsələlərdən biri də sülh müqaviləsinin imzalanmasıdır:
"Azərbaycanın təklif etdiyi şərtlər əsasında Ermənistan tezliklə sülh müqaviləsi imzalasa, xarici donor təşkilatlarının Azərbaycana yardımı da arta bilər. Bu da ölkənin iqtisadi və sosial vəziyyətinə müsbət təsir göstərər”.
Qeyd edək ki, bir neçə gün öncə İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçirilib. Məlumata görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.
Vüqar Bayramov Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulması və donor konfransının keçirilməsi təqdirəlayiq hal olduğunu vurğulayıb. Deputat "Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək. Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir”, - deyə o bildirib. 
Bahar Rüstəmli