(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb)
Milli adət-ənənələr – Bizi birləşdirən dəyərlər
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı, özünün milli adət-ənənələri, yüksək mənəvi dəyərləri, tarixinə, soy-kökünə bağlılığı ilə hər zaman fərqlənib.
Min illərə dayanan dövlətimiz, dövlətçiliyimiz fonunda tarixlərdən süzülüb gələn adətlərimiz, mənəvi dəyərlərimizə sayğı, hörmət həm də Azərbaycan xalqının formalaşmasında, inkişafında böyük rol oynayıb.
Əcdadlarımızın yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyalardan birinin yarandığı Xəzər - Aralıq dənizi - İran körfəzi regionuna daxil idi. Azərbaycan xalqının təşəkkülündə iştirak edən qədim etnoslar bu regionda yaranan qədim mədəni mühitin ən böyük iştirakçısı olub.
Tarixi ərazilərimizdə tapılan müxtəlif memarlıq abidələri, kurqanlar, yaşayış məskənlərinin qalıqları, məişət əşyaları Azərbaycan xalqının min illərə dayanan mədəni irsinin olduğunu sübut edir.
Bütün bunlarla bərabər, bizə miras qalan mənəvi dəyərlərimiz də - milli adət-ənənələrimiz də var. Hər bir xalqı formalaşdıran onun adətləridir. Bu adət-ənənələr insanlar birləşdirən, vətəpərvərlik ruhunda saxlayan, insanları vahid xalq edən ən böyük dəyərdir.
İnsanlar bu adətləri ilə təkcə sevinclərini bölməyib, lazım gələndə bir-birinə əl tutmağı, dərdinə şərik olmağı, sevincinə sevinib pis gününə dəstək olmağı öyrədir.
Bu gün atalardan bizə miras qalan adətlərimizi ən böyük mənəvi zəngiliyimiz heab etmək olar.
Bayram adət-ənənələri, toy, yas mərasimləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Toyu həm də ailənin - kiçik bir dövlətin qurulduğunun müjdəçisi hesab edən bu xalq onu böyük sevinclə, canfəşanlıqla qeyd edir. Hətta bəzən "Elimizin toy kimi gözəl bir adəti var” deyib toylarımızın necə gözəl olduğunu vurğulayırıq.
Bu, təkcə toyla bitmir. İki gəncin xoşbəxtliyi üçün bütün adətlərin yerinə doğru yetirilməsinə çalışır onun ailə üzvləri. Elçilik, nişan və s. toyun başlanğıcı hesab olunur. Toy adətlərinin dərin kökləri var.
Yas mərasimləri ilə bağlı da azərbaycanlıların maraqlı adət-ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar.
Zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur.
Zaman-zaman qadağalara baxmayaraq, hər zaman gözəl adət-ənənələri qorunan, qeyd edilən Novruz bayramı isə sanki xalqımızın vizit kartıdır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınıb, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.
Novruz bayramına "Yeni gün”, "Bahar bayramı” da demək əbəs yerə deyil. Bu bayramda sanki təbiət oyanr, hər tərəf canlanır, yaşıl libasa bürünür.
Bu bayramı xüsusi edən də onun özünəməxsus, sanki qəlibləşmiş atributlarıdır. Bu atributlar – Keçəl, Kosa, Bahar qızı, səməni, paxlavalı, şəkərburalı, qoğallı, şamlı, boyanmış yumurtalı Novruz xonçası, tonqalı bayramın gözəlliyinə gözəllik qatır.
Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.
Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, baddan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.
Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır: qoğal, şəkərbura, badambura, paxlava. Hər bir bişirilən şirniyyat bir səma cisiminə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
Novruz bayramı həm də özünəməxsus adətləri ilə fərqlənir. Bunlara torba atmağı, qulaq falına çıxmağı, tonqaldan tullanmağı, üzük falına baxmağı, səməni yetişdirməyi, yumurta döyüşdürməyi, qonaq getməyi, yaşlıları ziyarət etməyi, şam yandırmağı misal çəkmək olar. Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaradıb.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir.
Novruz bayramını insanları birləşdirən xoş, ümumi bir dəyər də hesab etmək olar. Bizim isə media olaraq borcumuz bu dəyəri daim təbliğ edib, gələcək nəsillərə ötürməkdir.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.