
Vüqar Bayramov: “Hökumət ya may ayında büdcəyə yenidən baxmalıdır, ya da Maliyyə Nazirliyi ilin ikinci yarısında bir sıra xərcləri azaltmalıdır”
“Neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təbii ki, təsir göstərir. Bizim ölkə üçün neftin dünya bazarında qiyməti əhəmiyyətlidir. Çünki Azərbaycan ixracatının 95%-i neft sektorunun payına düşür. Bu, o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollardan 95 dolları neft məhsullarıdır. Ölkə prezidenti Azərbaycan ümumdaxili məhsulda qeyri-neft sektorunun payının artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında neft sektorunun payının yüksək olaraq qaldığını bildirib. Deməli, Azərbaycan iqtisadiyyatı üçün əsas priortitet qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılmasına nail olmaqdir”.
İqtisadçı ekspert Vüqar Bayramlı bu fikirləri müsavat.com-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsi ilə bağlı ən çox müzakirə edilən məsələ büdcədə neftin qiymətidir: “Əslində indiki halda dövlət büdcəsinin gəlirlərinin azaldılması isə heç də təhlükəli hədd kimi qiymətləndirilməməlidir. Büdcə gəlirlərinin 10.3 milyard manatı, yəni, 53.4 faizi dövlət neft fondunun payına düşəcək. Büdcə gəlirlərinin 35 faizini qeyri-neft sektoru təşkil edir. Bunun da neftin dünya bazarında qiyməti ilə birbaşa əlaqəsi yoxdur. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin 88.4 faizi artıq, təmin olunmuş gəlirlərdir. 19.6 milyardlıq dövlət büdcəsinin 16,4 milyard manatdan artığını təmin olunmuş və sığorta edilmiş gəlirlər təşkil edir. Təxminən, 2,2 milyard manata yaxın hissəsi neftin dünya bazarında qiymətindən asılıdır”.
V.Bayramovun sözlərinə görə, bu isə o deməkdir ki, neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq dövlət büdcəsində kəsir olacaq: “Bu baxımdan hökumət ya may ayında büdcəyə yenidən baxıb neftin büdcədəki qiymətini real bazar qiymətinə uyğunlaşdırmalıdır, ya da Maliyyə Nazirliyi sekvestr tətbiq edərək ilin ikinci yarısında bir sıra xərcləri azaltmalıdır. “Büdcə Sistemi” haqqında qanuna əsasən, müdafiə olunan xərclərə, yəni əmək haqqı, pensiyalar və sosial ayırmalara sekvestr tətbiq edilə bilməz. Digər xərclər, o cümlədən investisiya xərcləri isə azaldıla bilər. Gəlirlər ilə xərclər arasında balansın bərqərar edilməsi üçün lazımsız xərclərin ləğv edilməsi vacibdir”.
Ancaq ekspert onu da bildirdi ki, neftin dünya bazar qiymətinin aşağı olmasına baxmayaraq, sosial xərclərin icra edilməsi ilə bağlı çətinliklər olmayacaq: “Bu xərclərin azaldılması da mümkün deyil. Büdcə xərclərinin 40 faizi sosial gəlirlər olduğu üçün, sosial xərclərin payı təxminən 8 milyon manatdır. 6 milyard manat əmək haqqı, sosial yardım və pensiyaların verilməsinə ayrılan vəsaitdir. Yəni 6 milyard manat nəğd şəkildə vətəndaşlara ödəniləcək. Bu vəsaitin 3.5 milyard manatı əmək haqlarının, 1.9 milyard manatı təqaüd və sosial müavinətlərin, digər hissəsi isə sosial yardımların verilməsi üçün nəzərdə tutulub. Mövcud gəlirlər bu xərclərin qapadılmasını mümkün edir”.
V.Bayramova görə, manatın məzənnəsini aşağı düşdükdən sonra isə istehlak bazarında qiymətlər tənzimlənən zaman hər bir idxal olunan məhsulun xərc strukturuna ayrı-ayrılıqda baxılmasına ehtiyac var: “Bəzi məhsullarda qiymət artımı qaçılmazdır. Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında milli valyutaların son 2 ildə məzənnəsinin dəyişmə tendensiyasının təhlili göstərir ki, bütün böyük tərəfdaş ölkələrdə milli valyutalar dəyər itirmişdir. Belə ki, son 2 ildə qardaş Türkiyədə milli valyuta 30 % dəyər itirib. Şimal qonşumuz olan Rusiyada rubl 2 dəfəyə yaxın dəyər itirib. Əgər 2 il öncə 1 dollara almaq üçün 30 rubl ödəmək lazım idisə indi bu rəqəm 57 rubldur. Qonşu Gürcüstanda isə milli valyuta sözügedən dövrdə 41 faiz dəyər itirb. Ukraynada isə vəziyyət daha acınacaqlıdır: son 2 ildə bu ölkənin milli valyutası 6 dəfə ucuzlaşıb. Əsas ticarət tərəfdaşımız olan avrozona ölkələrində isə avro dollara nisbətə yalnız son 1 ildə 20 faiz dəyər itirib. Deməli, həmin ölkələrdə milli valyutalar dəyərdən düşdüyü üçün bu dövlətlərdən Azərbaycana gətirilən malların manatla dəyəri də xeyli azalıb. Yəni, idxal ilə məşğul olanların mənfəət norması kifayət qədər yüksək olub. Manatın son devalvasiyası isə sadəcə həmin mənfəət normasını bir az aşağı salıb. Amma yenə də, əksər idxalçılar mənfəət əldə edirlər. Təbii ki, mənfəət normasının yüksək olması prinsipini bütün məhsullara tətbiq etmək doğru olmazdı. Amma əgər, sahibkar uzun müddət yüksək gəlir əldə etmişdirsə, devalvasiyadan sonra o yenə də mənfəət əldə edəcək. Sadəcə, bu dəfə nisbətən az olacaq. Bu baxımdan, idxal olunan hər bir məhsul üzrə xərc strukturunun müəyyənləşdirilməsi və uzun müddət izafi gəlir əldə edənlərin qiymət artımına getməsinin qarşısının alınması vacibdir. Amma devalvasiyadan sonra xərci qiymətdən çox olan idxal mallarının qiymət artımları qaçılmazdır. Buna görə də, bazardakı mövcud qiymət ilə məhsulun xərci arasındakı fərqin tapılmasına ehtiyac var”.
Qaynar.info