Xəbər lenti

Bir ayağını itirən, bağırsaqları çöldə olan qazi: “Bircə ona təəssüflənirəm ki...”
Ölkə08:53 19.12.2020

Bir ayağını itirən, bağırsaqları çöldə olan qazi: “Bircə ona təəssüflənirəm ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo.az İkinci Qarabağ savaşının iştirakçısı, XTQ əsgəri, qazi İlkinlə müsahibəni təqdim edir.
İlkin Elçin oğlu Rüstəmli 22.07.1999-cü ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirərək həqiqi hərbi xidmətə yollanıb. Elə xidmətdə qalaraq da XTQ əsgəri olmağı seçib, hərbiçi olub. Döyüşlər zamanı qəhrəmanlıq göstərərək ağır yaralanıb.
- İlkin, bir tərəfin Füzulidəndir, bir tərəfin Laçından. Qarabağı görməyən bir qarabağlı gənc üçün qazi olmaq necə hissdir? Ata-babalarının torpağı, sənin olan, amma heç vaxt görmədiyin torpaqlar uğrunda can qoydun...
- Bəli. Füzulidənəm. Bir tərəfim də Laçından. Hələ mən dünyaya gəlməmişdən öncə bizim ana yurdumuz, doğulduğum kənd düşmən tapdağı altına keçib. O zamanlar Heydər Əliyevin hakimiyyətə gəlməsi bizim də taleyimizi həll etdi, kəndimiz həmin vaxt qayıtdı. Bunun bariz nümunəsidir ki, bu gün torpaqlarımız, o cümlədən Füzuli rayonunun Araz sahili kəndlərinin düşməndən azad etdik. Həmişə babam rayonumuz haqda, anam Laçınımız, doğulduğu Ağbulağ kəndi haqqında danışanda o yerləri görmək istəmişəm. Amma kəndimizdən 10-15 km məsəfədə erməni postları həmişə bir qarabağlı kimi mənə toxunur, acıdırdı. Və gün gəldi, mən də əsgər oldum. Hərbi xidmətdən sonra orada qalıb, hərbçi olmaq qərarına gəldim. O gündən sonra isə XTQ-dən bir olmağı qərarlaşdırdım və oldum da. Bu yola çıxanda çalışmışam ki, bu sərhədləri aşmaqdan ötrü əlimdən gələni edim. Bu yolda ən ali zirvə olan şəhidlik zirvəsinə ucalım. Amma onu edə bilmədim. Bu yolda qazi oldum. Bununla da qürur duyuram və elə bu halımla yenə döyüşməyə hazıram. Yetər ki, gələcək nəsillər azad yaşasın. Mən bu tarixin bir parçası olduğuma görə çox şadam.
- Döyüşlərdə XTQ əsgərlərinin bir ayrı qəhrəmanlıq göstərməyi indi dillər əzbəridir. Onların döyüş yolu daha ağırdı sanki. Səndə necə oldu? Necə yaralandın?
- Bəli. XTQ-in işi daha məsuliyyətli və daha ağırdır. Çünki ilk düşmənlə təmasa, açıq döyüşə XTQ dəstələri girir. Sonra da digər igidlərimiz.
- Bir ayağını itirmisən, İlkin... Necə oldu yaralanma anı? Nə baş verdi?
- Döyüşlərin ən qızğın və ağır vaxtlarının birində, 24-cü günündə Tuğ meşəsində yaralandım. Hansı ki, Hadrutu təmizləmişdik, növbə isə Şuşa yolu idi. Şuşa yolu istiqamətində hərəkət edəndə düşmənlə rastlaşdıq. Onların bir qrupunu məhv etdik. Həmin vaxtı sağ qolumdan güllə yarası aldım.
- Sağ qolun yaralanandan sonra da ayağın qopdu?
- Bəli. 5-10 dəqiqədən sonra olduğumuz mövqeyə tank mərmiləri yağdırmağa başladılar. Həmin mərmilərdən ağır yaralandım. Ard-arda, üç dəfə özü də. Bir mərmi partlamasından. Dalğası məni 20-25 metr tulladı. Yerə düşəndə elə bildim, daşın üstünə düşdüm. Amma sən demə, o daş yox, mənim patinkam imiş. Ayağım qopub, arxama fırlanıb altımda qaldı...
- Nə etdin, necə oldu, özündə idinmi?
- "Jqut”umu çıxardıb sıxmaq istədim, amma gücüm çatmadı. Təkcə iynəni vura bildim.
- İlkin, ayağını qopmuş görmək olduqca ağır bir şeydir. Adam indi düşünəndə belə dəli olur. Sən özünü necə hiss elədin? Dərk edirdinmi? Heç şokdan ürəyin getmədimi? Ümumiyyətlə, həmin anın stiuasiyası necə idi? Yəqin ki, döyüşlər davam edirdi...
- Yox. Özümdəydim. Ayağımı götürüb düzəltdim, başladım döyüş yoldaşım Təhmasibə tərəf sürünməyə. Amma sən demə, o artıq şəhid olubmuş... Ona çatmamış ikinci mərmi gəlib düşdü. Onda da qarın boşluğundan yaralandım. Qəlpə bel nahiyəmdən çıxmışdı...
- Sən və sənin timsalında bu cür yaralanan nə qədər adam var. Dəmir kimisiniz. Bunlar hamısı bir möcüzədir. Adi vaxtda danışsan, deyərlər ki, bu kinoya baxmışam. Bu halda sağ qalmağın özü belə ilahi bir möcüzədir.
- Elədir, hə. Tam bir möcüzə. Üçüncü mərmi də düşmüşdü sonra. Onda da qasıq nahiyəmdən yaraladım. Döyüşçü yoldaşım gəldi məni çıxartmağa, amma o da yaralandı həmin an. Şükür, yüngül idi. Kömək çağırmağa getdi. Tək çıxara bilməyəcəkdi yaralı-yaralı. O gələnə kimi döyüşçülərimizdən biri "jqut”la ayağımı sıxdı və ikinci iynəni vurdu. 
- Döyüş tam bitəndən sonra təxliyyə oldun?
- Köməyə gedən yaralı əsgər gəldi, onda təxliyə elədilər. Döyüş gedirdi.
- Bütün bunlardan sonra sən yenə özündə idin?
- Aha. Özümdə idim. Biz təlimlər zamanı hər şeyə alışırıq. Ağrıya dözümlüyük. Ona görə də heç birimizin ürəyi getmir, şoka düşmürük. Bizdə ancaq düşdüyün vəziyyətdən çıxmaq lazımdır.
- İlkin, bəs Şuşa yoluna qədər hansı istiqamətlərdə döyüşdün?
- Cəbrayıl, Füzuli, Hadrut döyüşlərində iştirak etmişəm.
- Füzuliyə girəndə, yəqin ki, bir başqa hisslər keçirərsən. Axı, həm də Füzulidənsən. Ata-baba yurduna getmisən. Özü də döyüşə-döyüşə.
- O torpaqlara ayaq basanda insana qeyri-ixtiyari güclü sevinc və yüngüllük gəlir. Sanki uçursan, əhval-ruhiyə yüksək olur. Düşüncəndə isə ancaq döyüşmək, namərdi, düşməni məhv etmək istəyirsən.
- Döyüşdən sonra ev ilə əlaqə saxlayıb dedinmi heç, ata, yurdumuza gəlmişəm, ana, səni kəndə aparacam?..
- Hə. Etdim. Anama söz vermişdim ki, onu Laçını alıb ana yurdu olan ucqar Ağbulaq kəndinə aparacam.
- İnşallah aparacaqsan da. İlkin, açıq döyüşlərdə olduğun üçün yəqin ki, çoxlu sayda erməni də öldürmüsən. Saylarını bilirsənmi? Sayırdın, yoxsa bərəkəti qaçardı? 
- (gülür) Dəqiq 7 sağ hərbçisini məhv etmişəm. Amma yaralı olanlarından məhv etdiyim 30-35 nəfər olar.
- Yaralı halda deyəndə necə? Kimsə vururdu, ölmürdü, sən də görən kimi öldürürdün?
- Bəli. Döyüş vaxtı bizim atəşlərimiz, artileriya atəşləri nəticəsində məhv edilmiş, yaralı halda qalan ermənilərdən söhbət gedir.
- İlkin, hazırda bir ayağın yoxdur və ümumi olaraq bədəninin müxtəlif yerlərində yaralar var. Sağlamlığını itirmisən. Hərdən ayağının boşluguna baxanda o boğluğu nə ilə təsəlli edib doldurursan? O biri ayağını yerə basanda güc verən nə olur? Kiçik də olsa bir peşimanlıq hissi gəlirmi? Bütün hallarda gəncsən, arzuların vardı...
- Bilirsiz, biz bu yola çıxanda nəyisə itirib, nəyisə qazanacağmızı düşünməmişik. Bir amalımız olub, canımızı verəsi olsaq da, ləkələnmiş adımızı təmizləmək! Bu gün ayağım yoxdu, yaralarım sağalmayıb, bağırsağım çöldədir, amma heç nəyə də heyfslənmirəm. Çünki torpağlarımız azaddır, alnımız açıqdır və qalib tərəfik. Qalib döyüşçü heyfislənməz. Heç vaxt peşman olmamışam. Bir ona pis oluram ki, gözəl hərbi hissəmizdə daha xidmət edə bilməyəcəyəm...
- İlkin, nə yaxşı ki, sən və sənin timsalında igidlər olub. Allah şəfa versin, sən də anana verdiyin sözü tutasan, bir ayaqla da olsa, gedə biləsən o torpaqlara. Hər şey üçün çox sağ olun...
- Siz sağ olun ki, işıqlandırırsınız, tanıdırsınız. Vətən sağ olsun. Hər şey yaxşı olacaq.
Orxan Saffari