
Sosial şəbəkələrdə, konkret facebook-da maraqlı bir müzakirənini şahidi oldum. Sən demə Azərbaycanda “Nərimanfilm” adında kino çəkən kompaniya var.
Bu kompaniyanın prodüsseri Nəriman Məmmədov Facebookun “Kinoşnik” səhfəsdində bəyan edib ki, onların İtaliyanın Tore şirkəti ilə birgə çəkdiyi “Sudba Arxitektora” (Arxitektorun taleyi) adlı qısametrajlı film Kann kinofestivalında Qısa metr proqramı çərçivəsində "konkurs"a düşüb.
Sadə dillə desək, guya bu film Kann festivalında təqdim ediləcək filmilər sırasına daxil edilərək "konkurs"u udmaq şansı qazanıb. Təbii ki, bu xəbəri sevindirici bir xəbər kimi oxuyub təbrik etmək, "Nərimanfilm"lə qürur duymaq istəyirdik ki, alınmadı. Bəlli oldu ki, “Arxitektorun taleyi” qara imiş və Kann festivalında nəinki "konkurs"a düşən filmlər sırasındadır, heç həndəvərində belə deyil. İndi izah edəcəyəm niyə...
Onu da deyim ki, indi deyəcəklərimi özümdən yazmıram. "Kinoşnik" qrupunda filmin sahiblərindən olan Nəriman Məmmədovla rejissor və yaxud kino ilə bağlılığı olan Eldar Albertson arasında gedən müzakirədən qeydlər təqdim edirəm.
Eldar Albertson Nəriman Məmmədovu uğurlarına görə təbrik edəndən sonra soruşur ki, qardaş, axı mən Kann festivalının rəsmi saytına baxdım və "konkurs"da yer alan filmlərin siyahısında siz yoxsunuz. Nəriman Məmmədov da ona hansısa səhifənin linkini təqdim edir və məsələ də bununla aydınlaşır. Bundan sonra təqdim edəcəyimiz fikirlər birtərəfli olacaq. Yəni Eldar Albertson danışacaq, Nəriman susacaq. Çünki cavab verəcək bir sözü yoxdur.
Eldar Albertson deyir. “Mən bir neçə gün əvvəl Kanna Short Film Corner komitəsinə məktub yazaraq müsabiqəyə filmlərin necə qəbul olunduğu barədə məlumat verilməsini xahiş etdim. Onlar da mənə ətraflı cavab verdilər. Məktubda dəqiq qeyd edilir ki, sizin maraqlandığınız seksiya film-market xarakterlidir və konkurs seçimi yoxdur. Sadəcə müəyyən prosedur qaydalarından keçməklə hər bir peşəkar rejissor öz işini burada nümayiş etdirə bilər. Prosedur qaydası isə belədir. Hər bir profesional film üçün 95 avro ödəməklə qeydiyyata düşürsən və Şort Cornerdə nümayiş etdirmək şansı qazanırsan. Bu məntiqlə katoloqda 2 mindən çox film təqdim edilib”.
Eldar Albertsonun bu fikrindən sonra Nəriman Məmmədovdan cavab gəlməyib.
Gəlməz də, çünki Azərbaycanda azərbaycanlılara "papış tikmək" asandır. Amma soyadı Albertson olan bir şəxsə yalan demək heç vaxt mümkün olmayıb, olmayacaq da.
Sonda bir iki kəlmə əlavə edim. “Nərimanfilm” kinokompaniyasının çəkdiyi filmin maraqlı olub olmamasını təbii ki, tamaşaçılar müəyyən edə bilər. Amma olmayan bir məsələni şişirdib camaatı avam yerinə qoymağın da yeri yoxdur. Yalandan mən Kann kinofestivalında əsas siyahıya düşmüşəm və ay nə bilim az qala birinci yeri götürəcəkdim kimi abı-hava yaratmaq tamaşaçılara hörmətsizlikdən başqa bir şey deyil.
E.Əliyev