Xalqın adından danışmaq qədər qorxduğum ikinci şey…
Belə bir şey xatırlaya bilmədim bu an.
Xalq yenə parkdaydı da. İnsanlar evlərinə qucaq-qucaq gül aparırdılar və ürəkdən, səmimi şəkildə sevinirdilər. Bu xalq bir güldən sevinə bilir. Qədim xalq-zad deyilik. Uşaq xalqıq. Yeniyetmə qız, nə bilim, bənövşəbığ oğlan kimiyik.
Bir gül qabağa düşmək fikri azad yaşamaq ehtirasından güclüdüsə, deyəcək söz qalmır.
Yazıb-pozduğuna yanırsan. Söyürsən, qarğış tökürsən. Amma çarəsizsən. Bu insanlar qarşısında çarəsizlik hakimiyyət qarşısında çarəsizlikdən daha ağırdı, çəkilməzdi.
Başımızda gül əkirlər, bizim üzümüzdə güllər açır.
Xalq xoşbəxtdisə bir güldən 3-5 adam niyə ortaya düşüb axı? Xalqla hakimiyyətin arasına girən iylənib çıxar. Ən azı, türmədə çürüyüb çıxar.
Zombiləşdirilmiş kütlə azğın hakimiyyətdən daha qorxuludur. Bu kütlə bu hakimiyyətin gülləkeçirməz, odda yanmaz-suda batmaz, sözgirməz qalxanıdır. Bu nadan qalxanla neyləmək olar axı?
Müxalifət də yəqin buna görə yenə tərpənmədi. Nolardı ki, balaca bir kreativlik eləsəydilər? Kütlə zombi, müxalifət sönük. Öncədən elan etmədən, 3-5 sədr-başkan-katib güllərlə bəzədilmiş əks mövzulu əklillər, çələnglərlə parka gəlib xalqa qoşulsaydılar, nolardı ki? Onların liderinin qarşısına çıxarılacaq lider yoxlarıdımı? Elə Rəsulzadənin portreti işlənəydi güllərlə. Aparıb 28 May stansiyasının qarşısına qoyub sakitcə getmək olardı. O basabasda duyuq düşənə qədər tədbirə rəng qatıb gül vura bilərdilər də, yox?
Offf, off!
Belə rəngsiz mübarizəylə masasına gül qoyub Allah verənlə Gül bayramı qeyd edən xalqı gülüstanda yaşatmaq olmaz, bəylər!
Məlum məsələdi ki, yerdə sürüdülən qadınların ah-naləsi hopmuş həmin o Qış parkı həmişə dolu olacaq. Allahın bəlası Hacıbəla ora bahalı köşklər də qoyduracaq. 20 qəpiklik suyu 1 manata alan xalq xoşbəxt-xoşbəxt gülümsəyəcək. Bakının bütün türmələrinin divarlarını cızmışlar isə yana-yana baxacaqlar.
Amma başqa yol da yoxdu mübarizədən başqa. Həmin bu sevimli, əziz, öz nadanlığında belə səmimi olan kütlə üçün mübarizə aparmaq lazımdır. Hər bir vətəndaş bunu edə bilər. 1 manat da olsa rüşvət verməməklə də bu mübarizəyə qoşulmaq olar, xoş bir söz deyib ürək-dirək verməklə də, 3-5 haqq söz deməklə də. Demokratiyada çarə tükənməz, yox?
Görəsən, bizi güllərə qərq edənlər bir gün gülabla yola salınacaqları barədə düşünürlərmi? Gül içində yatasız elə. Müşki-ənbər içində.