Xəbər lenti

Bir nəfərin bütün qərarları verməsi ədalətsizlik yarada bilər -
Ölkə 13:58 29.06.2026

Bir nəfərin bütün qərarları verməsi ədalətsizlik yarada bilər - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən üçüncü məqaləni təqdim edirik: "Hakimiyyətin bölünməsi".

Tarix kitablarında, filmlərdə gördüyümüz kralları, padşahları, şahları, fironları xatırlayaq. Onların yəni monarxların qeyri-məhdud hakimiyyətləri var idi. Onların bir sözü iki olmazdı. İstədikləri adamı cəzalandırar, istədikləri zaman istədikləri dövlətə müharibə elan edərdilər. Bəzən onların qərarları xalqlara müsibət, faciə gətirirdi.

Bütün bunları görən məşhur fransız filosofu Şarl Lui Monteskyö hakimiyyətin bölünməsi prinsipini irəli sürdü. Onun fikrincə, bütün hakimiyyətin bir nəfərin əlində cəmləşməsi fəlakətlər yaratdığı üçün hakimiyyət üç istiqamətə – icra, qanunverici və məhkəmə hakimiyyətinə bölünməlidir.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndində də belə deyilir: "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

* qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
* icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
* məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir”.

Milli Məclisin 125 deputatı xalq tərəfindən seçilir. Eləcə də, ölkə Prezidenti xalq tərəfindən seçilir. Məhkəmə hakimiyyətini həyata keçirən hakimlər isə Məhkəmə Hüquq Şurasının təqdimatı ilə Prezident tərəfindən təyin olunur. Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin hakimləri isə Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən seçilirlər.

Bəs dövlətin başçısı kimdir? Bu barədə isə Konstitusiyamızın 8-ci maddəsində məlumat verilir: "Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir”. 

Müəllif: Tural Cəfərov
--> -->