Xəbər lenti

BİR REKTORUM VARDI...
Ölkə12:53 20.04.2013

BİR REKTORUM VARDI...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jalə İSMAYIL

Çatan kimi təklif və şikayət qutuları qoydurmuşdu. Qızlar da anonim şikayət yazıb atardılar ki, oğlanları göz həkiminə aparın, bizim kimi gözəlləri görmürlər...

Misir müəllimin nazirliyə nazir gələcəyi gün təsadüfən (“təsadüf yoxdur” prinsipinə inandığım üçün: “ən azı bu yazını qaralamaqdan ötrü” - deyirəm) nazirlikdəydim. İlham Mustafayevin qəbul otağında. Bircə kəlmə soruşacağım vardı. Soruşa bilmirdim. İlham müəllim bərk məşğul idi. Doğrudan da. Onun otağına sürətlə girib-çıxanlar kandarda toqquşur, bir-birlərinə çəp-çəp baxmağa belə “uspet” eləmirdilər. Hamı tələsirdi. Mənim də səbirli vaxtlarımıydı. Gözləyirdim. Həmin gün düz iki saat gözləmişdim!

İl kimi uzun görünən dəqiqələrin hansındasa otağa indi adını unutduğum çox şıx geyinmiş, yaraşıqlı, nazirlikdə yüksək vəzifə tutan bir xanım girdi. Sol qaşını qaldırıb təəccüb və həyəcanla otaqdakılara eşitdiklərini danışmağa başladı. Məlum oldu ki, nazirliyə yol almış Misir müəllim universitetdən çıxa bilmir. Gül-çiçək içində batıb qalıb. Müəllim və tələbələr buraxmırlar onu. Ağlayanlar da var.

Necə də qürurlanmışdım, ya Rəbbim! (c)

Misir müəllim bizim rektor idi! Mən o zaman öz rektoruma inanırdım! Onun böyük islahatçı olduğuna o zaman az adam inanmırdı. Çoxluqda olmaqdan sıxılmırdım. O, universitetdə bəzi-para işlər görmüşdü artıq. İçi təmir qarışıq, görülən bu işlər gələcəyə bir ümid, yaxın sahildəki mayak, digər universitet tələbələri yanında başucalığımız və s. idi.

Utanmadan etiraf edirəm. Hamının təəccüblə dinlədiyi əhvalat mənə çox adi görünmüşdü, “necə olmalıydı ki?!” ədasıyla dinləyicilərə bir baxış da fırlatmışdım. Amma onlar bu ədalı baxışın fərqində olmamışdılar. Məmnunluğumdan oturduğum stula sığmamışdım. Ürəyimdə düşünmüşdüm ki, həə, indi görərsiz sizin başınıza nə oyun açacaq, işləyərsiz bundan sonra...

Proqnozumun yarısı düz çıxdı sonralar. Oyun açılmağına açıldı, amma onların deyil, təhsilin başına. Bu mənim öz rektorumla qürur duyduğum sonuncu hadisə oldu. Gerisini hamınız bilirsiniz.

İndi də, deyirlər, Riyaziyyat İnstitutunun başının üstünü qara buludlar almaqdadır.

Hakimiyyətin öz kadrlarından vaz keçə bilməmək xəstəliyinə ad tapa bilmirəm. Sədaqətmi, başqa kadrların yoxluğumu, “gözümün qabağında ol, zibilin çoxdu”mu?

Təbii ki, sistem dəyişmədən hər hansı bir daxili kiçik sistemin dəyişməsi mümkünsüzdür. Qoruq-təhsil tandemi mövzusunda da xalqın lağlağısı geniş vüsət alıb. Yaşayarıq, görərik.

Qorxuram hər şey “Mozalan”ın məşhur süjetindəki baş həkimin gəlişi kimi olsun – “alan deyil...”

Hə, onu deyirdim axı, bir rektorum vardı, universitetdə başladığı işləri yarımçıq saxladıb, nazirliyə aparmışdılar... Qısa kəssəm, hər şeyi məhv edəndən – böyük savadsızlar sürüsü yaradandan, rüşvət ocaqları, mənəviyyatsızlıq yuvaları qayırandan sonra “day bəsdi” deyib, kreslosundan ayırdılar. Bir gün təxminən belə bir yazı oxumaqdan Allah qorusun bizi: “Bir qoruq müdirimiz vardı, sonra nazir oldu...”