
Elkin Xəlilov
Sosial şəbəkədən, xüsusiylə də “Facebook”dan aktiv istifadə edənlərin yəqin ki bu şəkil haqqında məlumatları var. Dünəndən bəri ən çox paylaşılan şəkildir. Məlumatı olmayanlara bu şəklin “tarixçəsindən” kiçik bir məlumat verim. “Facebook” dostlarımdan biri bu şəkili Biləcəri qəsəbəsində yerləşən “Army Market”də çəkib.
Şəklin divara vurulmasının səbəbi isə yaşlı xanımın mağazadan “oğurluq” edərkən yaxalanmasıdır. Oğurluq da nə oğurluq! Cəmi bir çörək... Və bir çörək “oğurlayan” qadının şəkli mağazanın ən görkəmli yerindən asılıb. Şəklin üstündə isə “Mağazadan oğurluq edən bu qadının aqibətini yaşayacaq” kimi hədələmə var. Hüquqi cəhətdən burda elə bir problem yoxdur. Qadın oğurluq edib, mağaza rəhbərliyi də insanlara psixloji təsir üçün bu yolu seçib. Yəni gələcəkdə sən də oğurluq etmək istəsən, aqibətin belə olacaq.
Yenə məsələnin insani tərəfini bir kənara qoyub, hüquqi tərəfindən danışmaq istəyirəm. Ümumiyyətlə, bir insanın, nəinki çörək, hətta sahib olduğu bir kibrit qutusu uğrunda mübarizə aparması, onu qoruması, onu əlindən alanı, onu ondan oğurlmaq istəyəni ifşa etməsi təqdirəlayiq addımdır. Buna sevinmək və belə hadisələri davamını arzulamaq lazımdır.
Amma, ancaq və lakin... Niyə biz ancaq özümüzə aid olan, öz cibimizdən pul verdiyimiz şeyləri qoruyuruq? Məgər bu ölkənin təbii sərvətləri - nefti, qazı, qızılı bizim deyil? Niyə bir dəfə bunların uğrunda mübarizə aparmırıq? Niyə bu ölkənin sərvətlərini oğurlayanların şəklini divardan asmırıq? Niyə bizim pulumuzla xarici ölkələrdə villalar alan, ən bahalı hotellərdə dincəlib, dünyanın ən böyük şirkətlərinə sahib olanları ifşa etmirik? Niyə bizim pulumuzla ayı əti yeyənlərin, oğlunu dünyanın ən bahalı universitetində oxudanların şəklini küçələrdən asmırıq? Niyə bunlara bircə dəfə etiraz etmirik? Niyə seçkidə səsimizi oğurlayanları, azadlığımızı əlimizdən alanları oğru adlandırmırıq? Niyə onlarla mübarizə aparmırıq? Məgər bunlar bizim deyil, bu oğurluqlar bizdən edilməyib? Sahib olduğumuz dəyərləri niyə belə müdafiə edə bilmirik?
Bu niyələri sonsuza qədər uzatmaq olar. Yaşlı qadını bu hala salan da məhz bu niyələrdir. Vaxtında sual verilməsi və cavab tələb olunması lazım olan bu niyələr... Təəssüf ki, biz bu niyələrə cavab verə bilmədik, bilmirik. Görünən isə odur ki, bu milləti bir tikə çörək çox dəyişdi...
