Bu il ali məktəblərə 57 min 236 nəfər qəbul olunub. Onların 27 min 956 nəfəri dövlət sifarişi əsasında, 29 min 280 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Hazırda ali məktəblərə qəbul olan tələbələrin universitetlərə sənəd qəbulu prosesi aparılır. Birinci kurs tələbələri yeni tədris ilinə hazırlaşarkən ən vacib məsələlərdən biri də təhsil haqqının ödəniş qaydasıdır.
Teleqraf universitetlərə təhsil haqqının ödəniş qaydaları ilə bağlı sorğu ünvanlayıb.
Azərbaycan Tibb Universitetindən bildirilib ki, birinci kursa qəbul olan tələbələr təhsil haqqını ödədikdən sonra qeydiyyatdan keçirlər: "Yuxarı kurslarda isə birinci semestrin ödənişi 15 oktyabra, ikinci semestrin ödənişi isə 15 marta qədər həyata keçirilməlidir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetində birinci kurs tələbələri qeydiyyat zamanı illik təhsil haqqının minimum 50 faizini ödəməlidirlər: "
Digər 50 faiz isə ikinci semestrin əvvəlində ödənilir. Yuxarı kurslarda da ödəniş iki hissəyə – hər semestr 50 faiz olmaqla bölünür. İstəyən tələbə ödənişi tam şəkildə də edə bilər”.
Bakı Dövlət Universitetində də təhsil haqqı 50 faiz prinsipi ilə ödənilir. Universitetə qeydiyyat zamanı ilkin ödəniş edilməlidir.
Azərbaycan Texniki Universitetindən qeyd olunub ki, birinci kurs tələbələri üçün təhsil haqqını mərhələli şəkildə ödəmək mümkündür. "Bu, könüllü xarakter daşıyır. İstəyən tələbə ödənişi tam şəkildə də edə bilər”.
Azərbaycan Dillər Universitetinə qəbul olan birinci kurs tələbələrinə təhsil haqqını iki dəfəyə ödəmək imkanı yaradılıb.
Özəl ali təhsil müəssisələrində isə vəziyyət fərqlidir.
Qərbi Kaspi Universitetində isə ilk ilin təhsil haqqı tam şəkildə ödənilməlidir.
Xəzər Universitetindən verilən məlumata görə birinci ilin təhsil haqqı tam ödənilməlidir. Sonrakı illər hər semestrdə yarı-yarı ödənilir.
Azərbaycan Universitetində də ilk ilin təhsil haqqının tam ödənilməsini tələb edir.
Qeyd edək ki, məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olan şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsi statusu olan şəxslər, şəhid və müharibə əlillərinin övladları, müharibə veteranları təhsil haqqından azaddırlar.
Şərhlər