
Jalə İSMAYIL
Dünən iki barmaq göstərmək üçün çıxmışdıq. Şəhadətlə orta barmaq bir yerdə - V. Çünki biz mədəni bir cəmiyyət qurmaq istəyirik. Biz nə hədələmək, nə də uzaqdan-uzaq bir yerə göndərmək istəyirik. Biz sadəcə ədalət istəyirik. Qanunların və məmurların işləməsini istəyirik.
Yuxarılarsa barmaqları tək-tək görmək istədilər. Tələb-təklif. Biz də tək-tək göstərdik. Bir növ hamampulu idi o tək barmaqlar. Yaxşı-yaxşı çimməyin qiyməti ən azı bu ola bilərdi. Ümid edək, borcumuz qalmayıb.
Böyümüşük. Dostların başına tutduğumuz “keçi buynuzları”nın “Victory” olmasına qədər bir yol keçmişik yıxıla-dura. Qələbə istəyirik artıq. Uzun illərdi nəticəsiz davam edən etirazın qələbəylə bitməsi üçün bu günlər başqa bir şansdır. Düzdür, bu yol bizi çox yordu. Bəzən bu yolda daha heç kim olmadığını düşündük. Amma varmış. Yeni nəsillər bu yolu heç vaxt boş saxlamadı. Həbslər, ölümlər, təhqirlər, mərhumiyyətlər boşaltmadı bu yolu. Bu yolun yolçuları yoruldular, amma dayanmadılar.
Situasiyanın mənasızlığı bu yoldakıların 20 ildir eyni problemlərlə vuruşmasıdır. Neçə nəsil dəyişib. Problemlərsə dəyişmir. Hər şey cəhənnəm! Biz, nəhayət, yeni problemlər istəyirik. Yuxarıda, aşağıda, sağda, solda yeni insanlar istəyirik. Görəcəyik. Bu gənclik bunu edəcək. Həmin o yeni cəmiyyətdə əsgər ölümləri gündəlik xəbər lentlərinin başında durmayacaq.
Dünən önəmli tarixdi. Dünən 140 yaşlı nəhəng – qürurumuz, sevincimiz, qınağımız teatrımız ləngərli yerişlə bir daha bir boy yuxarı qalxıb bizə meydan oxudu. Onu yenə alqışladıq. Onu quranlara təşəkkür etdik, yaşadanları hörmətlə andıq.
Amma dünən başqa bir tamaşa vardı. Dünya teatr tarixinin bütün üslublarını özündə cəmləşdirmiş, bütün janrlardan istifadə olunmuş bu oyun ən yeni tariximizin gözəl bir səhifəsi oldu. Burada pyesin müəllifi də xalqdı, rejissoru da, aktyoru da, bəstəkarı da. Tüstü verəni, işıq salanı, səhnə fırladanı... hamısı xalqdı.
Qoçularsız olmazdı. Mədəniyyətə, işığa, azadlığa qarşı çıxan bığıburma qoçu düşüncəsi dəyişmədi, dəyişdirəmmədik. Amma bu tamaşa böyük entuziazmla oynanıldı. Özümüzü alqışlayaq!
Pərdələri endirməyin. Hələ heç nə bitməyib.
...Bizim qoçulardan sonra bizə göyqurşağı qaldı... Gülümsədik...