
Nabatəli Qulamoğlu
Təhsil eksperti
Düz bir ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi testlərin araşdırılması ilə məşğuluq. Artıq bununla bağlı beş yazı dərc edilib. Ilk iradlara verilən aqressiv reaksiyalar bizi qorxutmadı. Əvvəla, heç vaxt mütləq həqiqətə iddialı olmamışıq. Eyni zamanda bizim də səhv etmək hüququmuz var. Ola bilər ki, yüzlərlə testi təhlil edərkən iki-üç səhvə də yol verək. Bu işi təkbaşına görmək və səhv etməmək mümkün deyil. Bizə ümid verən elmi ictimaiyyətin müsbət reaksiyası olub.
Söz verdiyimiz kimi, son yazı da hazır idi. Burada qəbul imtahanlarında yaradılan süni maneələri araşdırıb tiplərə və növlərə bölmüşdük. Düşündük ki, bir az səbr edək, qarşıdan buraxılış və qəbul imtahanları gəlir, psixi gərginlik yaratmayaq, bəlkə, yanlışlıqlar aradan qaldırıldı. Çox sevindiricidir ki, gözləntilərimiz özünü doğrultdu. Artıq tam orta təhsil üzrə buraxılış imtahanlarında istifadə ediləcək test nümunələri TQDK-nın saytında yerləşdirilib. Demək olar ki, nümunələr parlaqdır.
Bizi sevindirən digər məsələ də var: vaxtilə bu qurumu tənqid edərkən müsbət cəhətlərini də deməyi unutmurduq. TQDK-nın şəffaf və yaradıcı olduğunu həmişə önə çəkirdik. Qarşı tərəfin bizə göstərdiyi münasibətdən fərqli olaraq, qərəzli mövqe sərgiləmirdik. Artıq yanılmadığımızın fərqindəyik. Qeyd etmək lazımdır ki, iyirmi ilin test tapşırıqlarını çap etməklə onlar üzərində işləmək imkanını da bizə TQDK vermişdir. Düzdür, burada da korporativ maraqlar var, amma olsun, təki cəmiyyət xeyir görsün. Korporativ maraqlar xatirinə məzmunu proqram və dərsliklərə uyğun gəlməyən testlərdən istifadə, onları antididaktik yollarla tərtib etmək isə tamamilə ayrı məsələdir.
Əsas iradlarımızdan biri səslərin kombinator və situativ(məqam) dəyişməlri ilə bağlı vahid yanaşmanın olmaması idi, yəni komissiya üzvləri bu məsələdə sui- istifadə hallarına yol verirdi. Bu il isə verilən nümunələr aydındır, mübahisə doğuran deyil. Eyni zamanda mövzular arasında balans gözlənilib. Heç kim iddia edə bilməz ki, bu testlər asandır. Buraxılış imtahanının nəticələri də çətinlik səviyyəsinə görə testlərin normal olduğunu göstərdi. Başlıca narahatlıq doğuran məsələlərdən biri də omonimlərlə bağlı idi. Bəzən qəbul imtahanlarında omonimlərə aid hətta iki test tapşırığı verilirdi. Əzbərçilik tələb edən bu testlər vasitəsilə şagirdlərə süni maneələr yaradılırdı.
Biz omonimlərə aid tərtib edilmiş test tapşırıqlarının formasını dəyişməyi vacib sayırdıq. Buraxılış imtahanları üçün verilmiş nümunələrdə omonimlərə aid yalnız bir tapşırıq vardır və demək olar ki, çox ustalıqla tərtib edilmişdir. Biz də bunu tələb edirdik: omonim sözlər digər leksik qruplarla qarışıq kontekstdə verilsin. Əvvəlki testlərlə müqayisə edin: Hansında altından xətt çəkilmiş sözlər bir-biri ilə omonimdir? A) o, çay içir; uşaq süd içir B) çayda üzür; üzr istəmək C) el gücü; gücü çatmırdı D) dəftərə üz çəkin; bu işdən əl üz E) meyvələri dərin; çayın dərin yeri
Verilmiş nümunədə oxşar leksik kateqoriyalar həm eyni mənada(A,C), həm omofon(B), həm omoform( E), həm də omonim(D) kimi işlənmişdir. Sadaladığım leksik vahidlərin növünü mükəmməl bilmədən düzgün cavabı tapmaq mümkün deyil. Eyni zamanda metodik cəhətdən irad tutulası test deyil, müasir təhsilin tələblərinə tam uyğundur, şagirdlərdən analiz etmək bacarığı tələb edir. Mütəxəssislər yaxşı bilirlər ki, ideal test yoxdur, çünki sabah elə nümunələr hazırlana bilər ki, bugünküləri kölgədə qoysun. Hazırda isə bu testləri çox cüzi qüsurlarına baxmayaraq, optimal hesab etmək olar. Söylədiyimiz kiçik qüsurlar da tapşırığın tələblərini yerinə yetirməyə mane olmaq səviyyəsində deyil. Məsələn, 16-cı testdə sinonim qoşmaları müəyyən etmək tələb olunur. Burada onlar cütlük təşkil edir. Doğru cavab D variantında göstərilmişdir. Cavab belə verilib: 1,3,2,8(qədər, dək, qeyri, başqa - N.Q.).
Aydın məsələdir ki, qədər və dək qoşmaları sinonim cütlüklərdən birini, qeyri və başqa isə digərini təşkil edir. Lakin cavabda rəqəmlər yalnız vergüllə ayrıldığından bütün sözlərin sinonim olduğu başa düşülür. Hətta cavabı bu şəkildə də yazmaq düzgün olmazdı: 1-3; 2-8. Belə məlum olardı ki, iki antonim cərgə təqdim edilir. Ona görə də cavabın yeganə düzgün ifadəsi belə olmalı idi: 1, 3; 2, 8. Daha doğrusu, sinonim cərgələr bir-birindən nöqtəli vergüllə ayrılmalı idi. Oxşar incə səhvlərə 2-3 yerdə rast gəlmək olur. Bəlkə də, optimist olmaq hələ tezdir, çünki qarşıdan qəbul imtahanları gəlir. Amma şübhə etmirəm ki, testlərin tərtibatında bu tendensiya davam edəcək. Məsuliyyətlə deyə bilərəm ki, göstərilən nümunələrdən vahid dövlət imtahanı sisteminə keçərkən də istifadə etmək olar. Düzdür, hələ indiyə kimi TQDK-dan “gəl, müzakirə edək” mesajı almamışıq. Heç buna ehtiyac da duymuram. Əsas odur ki, iradlar nəzərə alınsın. Sağ olsunlar, necə deyərlər, bizi söyə-söyə qəbul etdilər.