Xəbər lenti

Borc içində düşüncələr
Ölkə14:41 01.03.2013

Borc içində düşüncələr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jalə İSMAYIL

 Borcdan qurtara bilmirik. Boynumuza qoyulanlar var, boynumuza götürdüklərimiz var. Valideyn qarşısında borc, övlad qarşısında borc, dövlətlə hökumət yarışa giriblər hansına daha çox borcumuz var deyə.

Hamıya, hər şeyə borcluyuq, qısası.

Day neyləyək. Bacardığımız qədər veririk borcumuzdan. Yığılıb qalmasın. Ömür çox qısadı.

Amma aramızda verdiyi borca görə tərifnamə gözləyənlər var.

“Onları mən çap eləmişəm” demək nə deməkdi, anlamıram. Sən redaktorsan və yaxşı redaktorsansa, yaxşı əsəri çap eləmək sadəcə borcundu!

“Mən sağaltmışam onu” demək hansı məntiqə sığır? Yanğınsöndürən olub göz əməliyyatı eləməmisən ha. Borcundu o gözü açmaq!

Mən öyrətmişəm!

Mən bişirmişəm!

Mən ağlamışam!

Brilyant xanım da deyir ki, mən neçə dəfə uşaq salmışam vətənpərvərlik marafonunda!

Tutduğumuz vəzifəni layiqincə yerinə yetirmək borcdu. Buna görə özünü gözə soxmaq, döşünə döymək, kimdənsə nəsə ummaq mənim məntiqimə sığmır.

Yaxşı prezident olmaq da borcdu, yeri gəlmişkən...

Təmənnasız olmaq bir başqa vergidi. Verilməyəndə verilmir də.

Hələ istedadlı gəncin uğuruna özünü calaq eləmək də ayrı bir söhbətdi. “Onu mən kəşf elədim!” iddiası qədər əzən başqa bir şey ola bilməz bir istedadlı adamı. Qələt eləyib bir məclisdə tərifləmisən nə vaxtsa, bəlkə bir yazı qaralamısan, bəlkə işə düzəltmisən. Və niyə həmin gənci ömürlük özünə borclu bilirsən, adam??

Mövzuya dəxli olmasa da: İstəyirəm, köşələri “Daldan atılan daş...” başlığı ilə yazım bundan sonra. Həmişə gecikirəm.