
Birləşmiş Krallıqda 1553 qadının iştirakı ilə aparılan sorğuda məlum olub ki, onların 52%-i iş yoldaşları tərəfindən “yersiz zarafat, əllənmək, seksual hücumlar” kimi arzuolunmaz davranışlara məruz qalırlar.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumat “The Guardian” qəzetində yer alıb.
Məlumatda bildirilir ki, 16-24 yaş arası xanımların isə 63%-i müxtəlif cinsi təzyiqlərdən şikayət edirlər.
Təxminən hər 8 qadından biri iş yerlərində bədənlərinin müxtəlif yerlərinə arzuolunmaz toxunuşlardan şikayətçidirlər.
1% qadın isə iş yerlərində hətta zorlanmaya və ya ciddi seksual hücuma məruz qaldıqlarını bəyan ediblər.
Sorğuda iştirak edən qadınların beşdə biri onlardan daha yüksək vəzifədə çalışan iş yoldaşları və ya müdirləri tərəfindən narahat edildiklərini bildiriblər. Lakin hər 5 qadından 4 söyləyib ki, onlar bu cür hallardan müdirlərinə şikayət edə bilmirlər. Çünki belə şikayətlərin onların iş münasibətlərinə zərər vuracağından və ya ciddi qəbul edilməyəcəklərindən narahatdırlar.
Araşdırmaya əsasən, istehsalat müəssisələrində işləyən xanımlar və tibb bacıları daha çox cinsi təzyiqlərə məruz qalırlar.
Elçin Mahmud
Qaynarinfo.Az