“Chapman Taylor” beynəlxalq məsləhətçi şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska Şuşaya səfəri zamanı şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olub.
Qaynarinfo xəbər verir ki, Zielinska “LinkedIn” hesabında paylaşım edərək şirkət mütəxəssislərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə Şuşadakı layihələrin icra vəziyyətini nəzərdən keçirdiklərini bildirib.
O, şəhərin ilk yaşayış məhəllələrindən birində artıq ailələrin məskunlaşdığını, supermarket, aptek və gözəllik salonları kimi xidmət obyektlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Ekspert Qarabağ küçəsində aparılan işlərə də diqqət çəkib. Onun sözlərinə görə, küçənin konsepsiyasının icrası yekunlaşmaq üzrədir və ərazi artıq piyadaların fəal istifadə etdiyi canlı şəhər məkanına çevrilib. Burada yerli təbii daşlardan istifadə olunub və piyadalarla nəqliyyat üçün “shared space” prinsipi tətbiq edilib.
Qeyd edək ki, Şuşanın 2040-cı ilədək inkişafına dair Baş plan “Chapman Taylor” və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb və 2024-cü ildə təsdiqlənib. 506 hektarı əhatə edən sənəd şəhərin tarixi-memarlıq kimliyinin qorunması ilə yanaşı, müasir və dayanıqlı şəhərsalma həllərinin tətbiqini nəzərdə tutur.
Baş planda “15 dəqiqəlik şəhər” konsepsiyası, müasir nəqliyyat, keyfiyyətli ictimai məkanlar və ekoloji infrastruktur əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Şərhlər