"Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə "Bank Standard”ın ləğvi ilə bağlı növbəti qapalı iclas keçirildi. Ayın 22-də keçirilmiş iclasda olduğu kimi, Əmanətlərin Sığortalanması Fondunun ötən ilin II və III rüblər üzrə təqdim etdiyi Ləğv Planı yenə də təsdiqlənmədi. Növbəti iclasın vaxtı hələlik məlum deyil. Amma Fondun nümayəndəsi Planı təkmilləşdirmək üçün azı 2 həftəlik vaxt verilməsini xahiş etdi”.
Bunu bizimyol.info-ya "Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri, vəkil Əkrəm Həsənov bildirib.
Vəkilin sözlərinə görə, plan çox bərbad vəziyyətdədi: "Hətta rəqəmlər də uzlaşmırdı. Məsələn, plandan belə çıxır ki, bank bağlanandan sonra orada hüquqi şəxslər 1673 bank hesabı açıblar. Halbuki lisenziyası ləğv olunmuş bankda hesabların açılması mümkün deyil. Digər misal: ötən ilin əvvəli ilə müqayisədə bankın borcları 192 mln. dollardan və 1,5 mln. avrodan çox məbləğində artmışdır. Axı bu necə ola bilər? Bağlanmış bankın borcları duran yerdə arta bilməzdi axı?
Həmçinin məlum oldu ki, Fond ötən ilin 3 rübü ərzində planlaşdırıldığından ləğvetməyə 0,6 mln. manat çox vəsait xərcləyib. Özü də tam cəfəng əsaslarla. Məsələn, yazıblar ki, guya banka audit xidməti göstərilib. Bağlanan bankda nə audit? Məhkəmə də, mən də bu fərqin sənədli təsdiqinin təqdim edilməsini tələb etdik.
Planda bir daha vurğulanır ki, Sahibkarlığa Kömək Milli Fondunun bankda qalmış 20,3 mln. manatı digər kreditorlardan əvvəl ona qaytarılacaq. Bu qanunsuz müddəanın heç bir əsaslandırılması da yoxdur.
Uzun sözün qısası, planda texniki səhvlərdən tutmuş kobud qanun pozuntularınadək xeyli məqam var. İndi təsəvvür edin ki, Fond sənədləri belə hazırlayırsa, bankların ləğvini reallıqda necə həyata keçirir. Bütün bu və digər qüsurları əks etdirən və 10 səhifədən ibarət olan etirazımı məhkəməyə təqdim etdim”.
Ə.Həsənov bildirib ki, məhkəmə qarşısında 17 vəsatət qaldırıb.