Karantin qaydalarını məcburən pozan məsuliyyətə cəlb oluna bilməz.
Qaynarinfo xəbər verir ki, bunu hüquq müdafiəçisi Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, Cinayət Məcəlləsinin 38-ci maddəsinə görə, son zərurət vəziyyətində, yəni, şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır:
"Mənə belə bir sual verildi. Ailə üzvlərinmin hamısı koronavirusa yoluxub, heç kəs, o cümlədən dövət qurumları onlara dəstək olmur. Həm ərzaq, həm də dərman almaq üçün onlardan biri evdən çıxmağa məcbur olub. Bu halda həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilərmi? Xatırladıram ki, Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə əsasən həmin şəxs 5000 manatadək cərimə edilə və 3 ilədək azadlıqdan məhrum oluna bilər. Mən hesab edirəm ki, bu halda şəxs məsuliyyətə cəlb oluna bilməz. Şəxs son zərurət səbəbindən qaydanı pozmalı olubsa, cinayətkar deyil. Təbii, ac və dərmansız qalmalı deyil”.
Həqiqətənmi dövlət qurumları bu halda vətəndaşlara yardım etmir?
Əkrəm Həsənov deyir ki, hər kəsin yaxşı qonşusu-dostu-qohumu olmur:
"Həm də bəziləri yoluxanlarla hər hansı təmasdan qorxduğu üçün uzaq durmağa üstünlük verir. Təəssüf ki. Hələ onu demirəm ki, kiminsə ümumiyyətlə, yemək və dərman almağa pulu olmaya da bilər axı! Görəsən, polis işçiləri bu halda vətəndaşla necə davranır? Məncə, bir neçə variant var:
1) Heç nəyə baxmadan vətəndaşa qarşı cinayət işi açır.
2) Vətəndaşdan rüşvət alıb onu buraxır.
3) Vətəndaşın hərəkətini son zərurət hesab edərək cinayət işi açmır və hətta ona xəstəlik dövründə dəstək olur ki, bundan sonra evdən çıxmasına ehtiyac qalmasın”.
Bahar Rüstəmli