Xəbər lenti

Bu gün Şəhid Ruhid İslamlının şəhadətə ucaldığı gündür
Ölkə06:43 06.10.2023

Bu gün Şəhid Ruhid İslamlının şəhadətə ucaldığı gündür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün şəhid Ruhid İslamlının şəhadətə ucaldığı gündən 3 il ötür.
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Ruhid İslamlı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Vətən Müharibəsinin elə ilk günlərində ərizə yazaraq, ailəsindən xəbərsiz, könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qatılıb. Ruhid İslamlı Talış-Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. 6 oktyabr 2020-ci ildə Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına şəhid olub. Bakı şəhər Suraxanı Rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. 2000-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Ruhid bir bacının tək qardaşı olub. 
2005-ci ildə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə başlayıb. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsilinə davam edib. Ruhid hələ kiçik yaşlarından yaşıdlarından düşüncə və davranışları ilə fərqlənib.
O, cüdo, kikboksinq, şutboksinq, qaydasız döyüş, cuicitso, güləş, üzgüçülük, teakvondo, muay-tay kimi idman növləri ilə məşğul olub, bu sahədə dərəcələr alıb. Regional və respublika səviyyəli rəsmi dövlət yarışlarında iştirak edərək I və II yerlər üzrə qalib olub.
Ruhid 2016-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisası üzrə təhsil alıb, fəaliyyətini də bu sahədə davam etdirib. Təhsil aldığı müddət ərzində universitetdə Tələbə Gənclər Təşkilatının, eyni zamanda YAP Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərib. Özünün rəhbəri olduğu layihələri, iştirak etdiyi dövlət səviyyəli psixoloji konfrans və təlimlər həyata keçirib. Lakin onun diplomu şəhadətindən sonra ailəsinə təqdim edilib.
Şəhadətinin üçüncü ildönümündə Ruhidin ailəsi, dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüb.
Ruhidin komandiri deyib ki,  o, çox güclü psixoloq idi. Bütün əsgərlər tərəfindən istedadına görə sevilirdi:
"Hətta mən bir az hirsli, kefsiz olanda belə məni sakitləşdirməyi bacarırdı. Əsgər yoldaşları ilə çox mehriban idi, hamısına dəstək olurdu. Müharibə ərəfəsində döyüş yoldaşlarına böyük dəstək göstərir, onları ruhlandırırdı. Biz müharibənin birinci günündə döyüşə qatıldıq. Amma Ruhid çox rahat idi, ona görə ki, həddindən artıq vətənpərvər idi, xalqını, torpağını, dövlətini, bayrağını çox sevirdi. Ən çox düşündüyü, səbirsizliklə gözlədiyi Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi. Biz elə yerdə idik ki, yüksəklikdən, meşənin içindən döyüş meydanı görünürdü. Bizim döyüşçülər Talış istiqamətində hücuma keçəndə onun gözlərindən yaş gəlirdi sevincdən. Çox duyğusal idi...”
Oğlu haqqında xatirələrini bölüşən şəhid atası deyib ki, Ruhid çox sərbəst və rahat uşaq olub:
"Yaşına görə çox istedadlı, aktiv və həddindən artıq məlumatlı idi. İstər məktəb, istərsə də universitet illərində iştirak etdiyi tədbirlərdə milli ruhlu şeirləri, vətənpərvərlik mövzusundakı çıxışları ilə yadda qalıb. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi”.
Ruhidin atası oğlu ilə son danışıqlarını belə xatırlayır:
"Oğlumla son danışığım və mənə dediyi o ifadəni unuda bilmirəm. 2020-ci il oktyabrın 6-da axsam saat 20:00-da ölümündən yarım saat əvvəl danışdıq. "Ata yağış yağır, amma torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. Özündən muğayat ol, qismətimiz nədirsə, o da olacaq, mən ölümsüzəm!” dedi və şəhidlik zirvəsinə ucaldı".