
Aslanov döyüşdə komandirini xilas edərkən qəhrəmanlıqla həlak olub. Bu gün Milli Qəhrəmanlar Niyazi Aslanov və Füzuli Rüstəmovun doğum günüdür.
Anspress xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, Niyazi Şərəfxan oğlu Aslanov 1960-cı il dekabrın 25-də Goranboy rayonu Tapqaraqoyunlu kəndində anadan olub.
O, 1988-ci ildə ilk yaradılan özünümüdafiə dəstəsinə daxil olub, özünün ələ keçirib təmir etdiyi düşmən tankında Goranboyun Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tapqaraqoyunlu kəndlərinin, həmçinin Tərtər, Ağdam bölgələrinin müdafiəsində rəşadətlə vuruşub, 1992-ci il mayın 4-də Tapqaraqoyunlu kəndi yaxınlığında döyüşdə komandirini xilas edərkən qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adına layiq görülüb.
Tapqaraqoyunlu kəndində dəfn edilib, Tapqaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.
Füzuli Salah oğlu Rüstəmov 1965-ci il dekabrın 25-də Tərtər rayonu Hüsənli kəndində anadan olub.
O, uşaq vaxtlarından Xocalıda babasının himayəsində yaşayıb, müharibənin ilk günlərindən özünümüdafiə dəstəsinə daxil olub, bir sıra əməliyyatlarda yaxından iştirak edib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaralı komandiri Adil Quliyevi döyüş meydanından çıxarıb, 3 dəfə Xocalıya girərək dinc əhalinin çıxarılmasında əsl qəhrəmanlıq göstərib, son dəfə geri qayıdarkən güllə yarası alıb və Ağdam xəstəxanasında dünyasını dəyişib. 1997-ci il fevarlın 25-də Milli Qəhrəman adına layiq görülüb.
Tərtər rayonu Hüsənli kəndində dəfn edilib.
Qaynar.info