Ölkə 18:03 12.10.2022

Bu gün “Space” TV-nin 25 yaşı tamam olur

1997-ci il oktyabrın 12-də "Space” TV fəaliyyətə başlayıb.

Yarandığı gündən başlayaraq kanal qısa zaman kəsiyində tamaşaçı rəğbətini qazana bilib.

Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Space xəbər”dir. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub.

2021-ci il yanvar ayının 4-də telekanalın efir müddəti artırılaraq 18 saatdan 24 saata çatdırılıb. Həmçinin, yarandığı gündən "Hər Gün” adıyla fəaliyyət göstərən informasiya proqramının adı "Space Xəbər” olaraq dəyişdirilmişdir. Əvvəl gün ərzində saat 09:00, 12:00, 15:00, 18:00 və 20:15-də yayımlanan xəbər buraxılışlarının da vaxtı dəyişdirilərək oktyabrın 11-dək 14:00, 17:00 və 20:00 olmuşdur.

13 yanvar 2021-ci ildə "Space TV” Bakı şəhəri üzrə HD yayım formatına keçib.

29 sentyabr 2021-ci ildən etibarən öz yenilikləri ilə tamaşaçıların görüşünə hazırlaşan "Space TV”nin 9 il sonra loqosu da dəyişdirilib.

Hazırda ekranın yuxarı sağ küncündə ənənəvi loqo əvəzinə, yeni dizaynda "Space” sözüdür.

12 oktyabr 2021-ci ildən etibarən "Space Xəbər” informasiya proqramının xəbər buraxılışları gün ərzində saat 11:00, 14:00, 17:00, və 20:00-da olmuşdur. Hazırda "Space Xəbər”in əsas buraxılışını telejurnalist Ceyhun Səfər təqdim edir.

Space televiziyası yeni əyləncəli, maarifləndirici verilişləri ilə yayımını yeni formatda davam etdirir.

Qaynarinfo olaraq "Space TV”də çalışan həmkarlarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!