(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Dünyada tez-tez baş verən müxtəlif səviyyəli gərginlik və toqquşmaların kökündə əksər hallarda milli, etnik və ya dini düşmənçilik dayanır. Bunun nəticəsidir ki, hələ də dünyanın bir çox bölgələrində etnik və dini zəmində qarşıdurmalar baş verir.
Bunun baş verməməsi, ölkələrin, xalqların mehriban dostluq münasibətlərində yaşaması üçün ən ümdə vəzifələrdən biri etnik və dini tolerantlığın mövcud olmasıdır. Məhz bu keyfiyyətlərin olduğu məkanlarda müxtəlif xalqlar və dinlər arasında bir-birinə, müxtəlif adət-ənənələrə hörmət də hökm sürür. Həmin tolerant münasibətlər də sonda kimliyindən, hansı dinə, etnik qrup və ya xalqa mənsub olmasından asılı olmayaraq onlar arasında möhkəm birliyə gətirib çıxarır.
Azərbaycanda tarixən etnik, milli, dini tolerantlıq mövcud olub. Ölkəmizdə yaşayan çoxsaylı xalqlar əsrlər boyu öz adət-ənənələrini, dillərini inkişaf etdirib. Bu zaman onlara dövlət səviyyəsində də hərtərəfli yardımlar edilib və edilir. Ölkəmizdə dini tolerantlıq da mövcuddur. Məhz ölkəmzidə mövcud olan etnik və dini birlik İkinci Qarabağ savaşında Ordumuzun əldə etdiyi qələbədə mühüm rol oynayıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov bildirir ki, Azərbaycan tarix boyu etnik, dini zəmində qarşıdurmaların olmadığı yeganə ərazilərdən biridir:
"Xalqlar və dinlər arasında münasibətlər müxtəlifdir. Dinlər və xalqlar arasında münasibətlər tarixən formalaşıb və belədə onlar arasında birgəyaşayış normaları yaranıb. Azərbaycanda yaşayan xalqlar arasında da qaynayıb-qarışmaq, mədəniyyət mübadiləsi o qədər intensiv xarakter alıb ki, artıq birgəyaşayış üçün müəyyən şərtlər formalaşıb və onlar da bu oyun qaydalarına əməl edirlər. Qafqaz Albaniyası dönəmindən bu günə qədər həmin proses gedir. Azərbaycanda indiyə kimi etnik zəmində qarşıdurmalar olmayıb”.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri bir-birilərinin dini bayramlarına hörmətlə yanaşır: "Dini məsələdə də vəziyyət belədir. Azərbaycanda 3 ənənəvi din var. Yerdə qalan dinlər keçən əsrin 90-cı illərindən sonra bura nüfuz etdirilən qeyri-ənənəvi dinlərdir. Ölkəmizin əhalisinin 98 faizi müsəlmandır. Həmçinin yəhudilik və XIX əsrdən başlayaraq ölkəmizdə xristianlığın provaslav təriqəti yayılıb. Bu polukultural model dinlərarası münasibətlərdə də özünü aydın göstərir. Bir çox bölgələrdə yaşayan malakanlar, məsələn, müsəmanların məhərrəmlik ayında, ənənəyə hörmət olaraq toy şənliyi keçirmir. Yəhudilər də həmçinin buna riayət edir. Azərbaycanlılar da eyni zamanda, həmin dini konvensiya nümayəndələrinin dini bayramlarına hörmətlə yanaşır”.
Qurbanovun fikrincə, 44 günlük müharibədə Azərbaycanda yaşayan bütün xalqların vahid millət kimi formalaşıb düşmənə qalib gəlməsində də bu birliyin müstəsna xidməti olub: "Dəmir yumruq” ifadəsini Azərbaycandakı etnik və dini müxtəlifliyə şamil etsək, görərik ki, bütün xalqların dəmir yumruq kimi birləşərək düşmənə qalib gəlməsi qələbəmizi daha dəyərli və möhtəşəm edən xüsusi amil olub”.
Ekspert deyir ki, keçən əsrin 90-cı illərindən etibarən xaricdən ölkəmizə müxtəlif pozucu destruktiv din və təriqətlərin ixracı həyata keçirilsə də, onlar məhz etnik və dini birliyin olması səbəbindən öz çirkin məqsədlərinə çata bilməyiblər: "Onların gənc Azərbaycan dölətini təhdid etməkdə əsas məqsədi cəmiyyəti parçalamaqdan ibarət olub. Onlar hətta ölkəmizdə dini zəmində qarşıdurma yaratmağa da cəhd ediblər. Azərbaycan xalqının möhtəşəm qələbəsini həzm edə bilməyənlər indi də məzhəb və ya din zəminində qarşıdurma yaratmağa müəyyən cəhdlər ediblər. Lakin onların bütün səyləri boşa çıxıb. Destruktiv qüvvələrin məqsədlərinə çatmamasında sözsüz ki, ölkəmizdə yaşayan bütün xalqların birlik nümayiş etdirməsinin mühüm rolu olub. Azərbaycanda yaşayan müxtəlif xalq və dinlərin ədəbi birliyini onlar poza bilməyəcək.
Bu gün mövcud olan Alban kilsələrinin böyük hissəsi Azərbaycanda müsəlman dövlətlərin, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və xanlıqlar dönəmində inşa edilən məbədlərdir. Yəhudi məbədləri də həmçinin. Azərbaycanlıların başqa xalq və dinlərə xoş münasibəti, göründüyü kimi, burada da özünü büruzə verib. Azərbaycanın ən böyük sərvəti məhz bu birlik və qardaşlığımızdır. Onun qorunması hər birimizin ümdə vəzifəsidir”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.