Xəbər lenti

Bu müəssisələr qanunsuz işçilər işlədir - FOTOLAR
Ölkə15:29 14.11.2014

Bu müəssisələr qanunsuz işçilər işlədir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi şirkətlərdə yoxlama apararkən qeyri-qanuni işçi çalışdırma faktları aşkarlayıb. Nazirlikdən Qaynar-info-ya verilən məlumata görə, Nizami rayonunda yerləşən “Qrafik-Ko” MMC, Nəsimi rayonunda yerləşən “İnşaat konstruksiyaları” MMC və “Abşeron A-1” MTK-da yoxlama aparılıb.

Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7, “İnşaat konstruksiyaları” MMC-də 8, “Abşeron A-1” MTK-da 4 işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-in elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub.

Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı Elektron Qeydiyyat Sisteminə (EQS) daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.

Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Qaynar.info