Litvanın daxili işlər naziri Aqne Bilotaite milli təhlükəsizliyə təhdid yaradan miqrant axınının artmasından narahatlığını ifadə edib. Çünki onlar başqa ölkələrin kəşfiyyat xidmətləri tərəfindən işə götürülə bilərlər.
Qaynarinfo xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Onun sözlərinə görə, söhbət ilk növbədə postsovet ölkələrinin vətəndaşlarından gedir: Belarus, Özbəkistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Azərbaycan.
"Artan axın təhlükə yaradır, çünki aydın olur ki, nəzarəti və inteqrasiya proseslərinin özünü təmin etmək getdikcə çətinləşir. Dövlət Təhlükəsizliyi Departamenti onu da diqqətə çatdırıb ki, son vaxtlar mühacirlərin düşmən dövlətlərin kəşfiyyat xidmətlərinin fəaliyyəti üçün pərdəyə çevrilməsi narahatedici tendensiyaya səbəb olur", deyə Bilotaite bildirib.
O, həmçinin bildirib ki, bu il milli təhlükəsizliyə təhdid səbəbindən əcnəbilərin ölkəyə girişini qadağan edən 16 min qərar qəbul edilib. Eyni səbəbdən 411 Belarus vətəndaşı Litvada yaşamaq icazəsindən, 562 vətəndaşa isə müvəqqəti yaşamaq icazəsindən məhrum olunub.
"Bu il Dövlət Sərhəd Xidməti 527 Rusiya və 600 Belarus vətəndaşını dövlət təhlükəsizliyinə təhdid səbəbindən ölkəyə buraxmayıb. Bu, onu göstərir ki, əvvəllər qəbul etdiyimiz qərarlar və məhdudlaşdırıcı tədbirlər həqiqətən öz nəticəsini verir”, deyə Litva Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Aydın