Xəbər lenti

Bu, postkolxoz dövrünün qanunudur, yamaq vura-vura gedirik... (ŞƏRH)
Ölkə11:14 23.02.2022

Bu, postkolxoz dövrünün qanunudur, yamaq vura-vura gedirik... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əmək Məcəlləsi və onun tətbiqilə bağlı verilən qanunvericilik aktları yenilənməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Azərbaycanda sahibkarla işçi arasında münasibətlərin tənzimlənməsi üçün qanunvericilikdə hansı yeniliklərə ehtiyac olduğu barədə sualı cavablandırarkən deyib: 
"Bu yenilənmə olmasa, işə götürənlə işçi arasında sivil münasibətlərin qurulması mümkün olmayacaq. Mövcud Əmək Məcəlləsi 1999-cu ildə qəbul edilib. Bu, postkolxoz dövrünün qanunudur. Ondan sonra ona 100-ə yaxın qanunla, 300-dən artıq dəyişiklik edilib. Hazırkı şəraitdə mövcud əmək qanunvericiliyi funksionallığını itirib. 23 il vaxt keçib, indi ona yamaq vura-vura gedirik. Bu baş verməsə işə götürənlə işçi arasında sivil münasibətlərin qurulması mümkün olmayacaq”. 
Həmsöhbətimiz düşünür ki, prosesdə ciddi irəliləyişə nail olmaq üçün kölgə iqtisadiyyatı və qeyri-formal əmək bazarına sarsıdıcı zərbə endirilməlidir:  
"İndilikdə isə kölgə iqtisadiyyatı və qeyri-formal əmək bazarı yüksək səviyyədə qalmaqda davam edir. Bu da sivil əmək münasibətlərinin qurulmasına imkan vermir. Əmək müqaviləsinin olmadığı, pulun cibdən-cibə verildiyi müəssisədə hansı münasibətdən danışmaq olar? Ən böyük problem budur. Rəsmi məlumata görə, ölkədə 5 milyona yaxın insan işləyir. Amma ondan da cəmi 1,7 milyon işçinin əmək müqaviləsi var. Onun da 70-80 faizi dövlət sektorunda çalışanlardır. Özəl sektorda bağlanan əmək müqavilələrinin əksəriyyəti isə qara mühasibatlıq əsasında bağlanıb. Yəni faktiki əmək haqqı ilə göstərilən əmək haqqı arasında fərq var”.
Ekspert sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan moratoriumun da işə götürənlə işçi arasında münasibətlərin norla müstəvidə tənzimlənməsinə əngəl olduğunu deyir. S. Məmmədov bu prosesdə balansın yaradılmasını vacib bilir:
"Dövlət nəzaərtinin effektivliyinə nail olmalıyıq. Hazırda dövlət nəzarətini həyata keçirən orqan yoxlamalar apara bilməz, bu prosesə moratorium qoyulub. Vaxtilə onlara bu imkan veriləndə, sahibkarlar incidilirdi. Yoxlamalara məhdudiyyət qoyulduqdan sonra da sahibkarlar öz bildiyini edir. Bu prosesdə balans tapılmalıdır ki, yoxlayıcı orqan tamam kənarda qalmasın, eyni zamanda, yoxlayan orqan sahibkara ziyan vurmasın”.
Rüfət Sultan