Xəbər lenti

“Bu prosesdə çoxun, azın fərqi yoxdur” – Hərbi ekspert ianələrdən danışdı
Ölkə07:30 04.11.2020

“Bu prosesdə çoxun, azın fərqi yoxdur” – Hərbi ekspert ianələrdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu, xalq tərəfindən orduya köçürülən bir paydır. Elə insan var ki, bəlkə də boğazından kəsib sonuncu 10 manatını orduya bağışlayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülən ianələrin məbləği haqda danışarkən deyib. O bildirib ki, orduya xalq tərəfindən edilən maddi dəstək prosesi davam edir:

"Xalq orduya dəstək verməsəydi də, dövlət ordunu maliyyələşdirəcəkdi. Məsələ pulda deyil, xalq orduya hər cür zəruri şeylər göndərir, mənəvi dəstək verir. Hər şeyi pulla ölçmək olmaz".

Azad İsazadə qeyd edib ki, bütün xalq dövlətə vergi verir:

"25 il ərzində biz xalq olaraq ordumuzu geyindirib, hazırlayıb, silah almışıq. Bu, rəsmi yolla edilib. İndi isə xalq ürəyindən, kölnündən keçən dəstəyi orduya verib. Bu prosesdə çoxun, azın fərqi yoxdur. Bu, könüllü bir yoldur. Ordu belə bir qurumdur ki, ona nə qədər pul xərcləsən, onsuz da azdır. Onlar dövləti qoruyur. Məqam gələndə onlar pulları güllə, mərmi formasında havaya, düşmənə tuşlayır. Hər bir dövlət bu itkilərə hazırdır. Ona görə ordu saxlayır".

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başladıqdan sonra Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən ianələrin məbləği açıqlanıb. Fonda yığılan ümumi məbləğin 218 milyon manata yaxın olduğu bildirilib.

Bahar Rüstəmli